• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Təhsilin informatlaşması onun gələcəyini təyin edir - Dos. İlham Əhmədov yazır
YAZARLAR
04 Fevral 2022 | 15:52

Təhsilin informatlaşması onun gələcəyini təyin edir - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində bildirib ki, Azərbaycan məktəblərinə bu il 40 min kompüterin verilməsi planlaşdırılır. Ümumiyyətlə,  son 17 ildə təhsil sisteminin informatlaşmasına dair 2 dövlət proqramı həsr edilib (1-ci dövlət proqramı: 2005-2007-ci illərdə  və 2-ci  dövlət proqramı : 2008-2012-ci illərdə).  Bu 2 dövlət proqramına ümumən 100 milyon manatdan çox vəsait xərclənib (125 milyon $). Son 10 ildə də bu məsələlərə hər il ortalama 20-30 milyon manat xərclənib (ümumən 250-300 milyon manat).

2022-ci ildə də təhsil sisteminin informatlaşmasına 38 milyon manat xərclənəcək. Bunun qarşılığında təhsilin rəqəmsallaşması hələ də çox aşağı səviyyədədir. Çünki məsələlərin həllinə heç vaxt elmi yanaşma olmayıb. Hər dəfə də bu illər ərzində təhsilin informatlaşması dedikdə əsasən kompüter almaqdan söhbət gedib. İndi də bu yanaşma davam edir. 

Amma təhsilin informatlaşmasının səmərəli olması üçün, informatlaşmanın təhsilin keyfiyyətinə müsbət təsir göstərməsi üçün təkcə kompüter almaqla iş bitmir. Burada əsas məsələ geniş çeşıdli, təhsil yönümlü elektron resursların hazırlanması, onlardan istifadə texnologiyalarının yaradılması, bu yöndə elmi tədqiqatların aparılması, müəllimlərin mütəmadi olaraq ixtisasartırma kurslarına cəlb edilməsi v.s. mühüm məsələlər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri isə nəhayət ki, (heç olmasa pandemiyadan sonra bunu dərk etməliydik) ölkədə distant təhsilin yaradılması gündəmə gəlməlidir.

TN son 25 illik fəaliyyətində əsasən ümumtəhsil məktəblərinin infrastruktur inkişafı və informatlaşması məsələləri ilə məşğul olub. Ali məktəblər, xüsusən də pedaqoji profilli ali məktəblər  diqqətdən kənarda qalıb. Əgər TN keyfiyyətli müəllim kadrlarının hazırlanmasında maraqlıdırsa, belə gənc müəllimlərə real olaraq ehtiyac varsa, bu məsələlərə hökmən diqqət yetirilməlidir.

Universitetlərdə distant təhsilin yaradılması məsələləri  də bu büdcə hesabına dəstəklənməlidir. Universitetlər öz daxili maliyyə imkanları ilə bunu edə bilməyəcəklər, necə ki, son 20 ildə edə bilmədilər. Bu, universitetlərimizə gələcəkdə əcnəbi tələbələrin daha çox cəlb edilməsinə də imkan verə bilər.  

Əgər bu məsələlər yenə də diqqətdən kənar qalacaqsa, bəri başdan deyə bilərik ki, kompüterlərə verilən pulların təhsilə xeyri  heç bir  real xeyri olmayacaq. Nəzərə alsaq ki, son 17 ildə bu istiqamətdə çüzi işlər görülüb, informatlaşmaya ayrılan bu ilki büdcənin ən azı 30 % yuxarıda qeyd etdiyimiz məsələlərə yönəlməlidir. Belə maliyyə siyasəti növbəti illərdə də unudulmamalıdır. Təhsildə İnkişaf və rəqəmsallaşma bu məsələlərə kompleks yanaşmanı, elmə əsaslanan  optimal həlləri tələb edir. Problemlərin həllinə elmi yanaşma olmayan yerdə, nə menecmentə, nə də menecerlərə ehtiyac qalmır, hər şey əvvəlki illərdə olduğu kimi kor təbii və səmərəsiz olacaq. ...

"Qüvvət elmdədir" ... informatlaşmada da.


SON XƏBƏRLƏR

22 Aprel 2024