• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Xankəndidə məni yol polisi saxladı - Aqil Abbas yazır
YAZARLAR
27 May 2024 | 22:35

Xankəndidə məni yol polisi saxladı - Aqil Abbas yazır

Aqi̇l Abbas

İnanmazsınız, Yol polisinin  məni saxlaması o qədər xoş oldu ki. Və sevindim də. 

Mən şəhərdə demək olar ki, maşın sürmürəm, əsəblərim götürmür. Amma rayonlara gedəndə, xüsusilə də ailəmlə gedəndə, sükanın arxasında  həmişə özüm oluram. Laçında xalça sərgisi keçirilirdi, məni və xanımımı da dəvət etmişdilər. «Ya Allah» deyib üz tutdum  Ağdam-Şuşa-Laçın yoluna. 37 ildən sonra ilk dəfəydi bu yolla Laçına gedirdim.  Ürəyim atlanırdı. Yolboyu bu yolu açan şəhidlərimizə rəhmət oxuyurdum, qazilərimizə şəfa diləyirdim və Müzəffər Ali Baş  Komandan, Cənab Prezident İlham Əliyevə də uzun ömür, can sağlığı  arzulayırdım  və deyirdim ki, Allah Ali Baş Komandanın əlindəki Həzrət Əli qılıncına  qüvvət versin. 

Nəhayət, gəldim çatdım Xankəndinə. «Qarabağ»ın «MOİK»lə Xankəndi stadionunda Kubok  oyununda iştirak etmişdim. Onda Xankəndində gəzmişdim. Maşını döndərdim Xankəndinə ki xanımım da gəzsin azad olan Xankəndində, ürəyi  açılsın. 

Elə təzəcə  Xankəndinə girmişdim ki, qarşıdan gələn Yol polisi maşını  məni saxladı. Cavan, sütül, boylu-buxunlu serjant özünü  təqdim elədi. Çox təəssüf ki, soyadı yadımdan  çıxıb, mən də həmin  vaxt telefonla danışırdım. Dedi ki, sükan arxasında  telefonla danışmaq olmaz, bu 80 manat cərimə və 3 baldır. Mən də gülümsəyirəm, serjant da çaşıb baxır ki, mən bunu cərimələyirəm, bu da gülümsəyir. Çox xoşhallanmışam ki, məni Xankəndində öz Yol polisimiz saxlayıb  cərimələyir. Cəriməni ödəməyə hazırlaşırdım ki, bir polis  zabiti  yaxınlaşdı. Salam verdi və serjanta dedi:

- Müəllimi tanımadın? Aqil Abbasdı. 

Serjant da: 

- Müəllim, buyurun, gedə bilərsiniz.

Qayıtdım ki, mən doğrudan cəriməni ödəmək istəyirəm, özü də bu cərimə mənə ləzzət eləyir. Amma cərimələmədilər, yaxşı yol arzuladılar.

Mən bir neçə dəfə televizyonda da demişəm, yazılarımda da yazmışam. Ki, neyləyirəm  o «Mersedes»i ki Ağdama gedib Cəfərin  çayxanasının qabağında saxlayıb, sonra da forslu-forslu düşüb  çayxanaya girməyəcəyəmsə.  

İndi  maşınımı, «Mersedes» olmasa da, bir  marketin qabağında saxlayıb forslu-forslu düşdüm, marketin  önündəki adamlarla  forslu-forslu əl tutub görüşdüm, sonra da forslu-forslu bir qazlı «Sirab» alıb ləzzətlə  içdim. 

Niyə də forslanmayım? Meydanında müqəddəs  bayrağımız dalğalanan Xankəndində məni Azərbaycanın Yol polisi saxlayıb, sonra da  həmin bayrağı  ziyarət etmişəm, xankəndililərlə görüşmüşəm  və ləzzətlə «Sirab» içmişəm. 

Belə forslanmağı hamıya  arzulayıram. 


SON XƏBƏRLƏR