Sosial şəbəkələrdə, televiziya və radioda, hətta ətrafımızdakı şəxslər tərəfindən istifadə edilən narsisizm və narsist sözlərinin mənaları maraqla qarşılanır. Bəs narsisizm nədir, narsist kimdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, narsistlər kimdənsə aşağı olmaq qorxusu yaşayır: "Narsisizm - qədim yunan rəvayətinə görə Narkiss adlı gənc suda öz əksinə aşiq olaraq, hər gün gəlib suda özünə baxaraq ağlayırmış və özünə sevgidən ölüb kimi qeyd olunsa da əslində heç bir əlaqəsi yoxdur. Çünki narsist bir insan mükəmməllik, gözəllik yaratmağı sevir. Sevgi olmasa yaradıcı hissi olmur. Sadəcə sevgi hissi onlarda insanlara qarşı zəif olur. Narsistlərdə vizual olaraq hədəfi görə bilmə güclü olur. Narsistlər kimdənsə aşağı olmaq, əzilmək qorxusu yaşayır. Aşırı qürur, aldanmaq, inanmaq qorxusu olduğundan, özünü ideallaşdıraraq müdafiə mexanizmi yaradır. Və eyni zamanda mükəmməlliyətçi olur".
Onun sözlərinə görə, bir çoxları bu sözü sevir, "mükəmməl" söz kökünə görə və yerli yersiz "mən mükəmməlliyətçiyəm" deyirlər. Müsahibimiz qeyd edib ki. əslində mükəmməlliyyətçilik özü psixoloji pozğunluqdur: “Çünki qüsursuzluq özü qüsurdur. Həddindən artıq tələbkar olmaq insanın təhlükəli gərgin, stressli psixikasından xəbər verir. Narsistlər özlərinin "seçilmiş" olduğunu düşünürlər. Çünki həqiqətən istədikləri çox şeylərə nail olmağı bacarırlar. Narsist hər şeyin ən doğrusunu, ən gözəlini etdiyini bildiyi üçün bu səbəbdən insanlara yuxarıdan aşağı, hətta axmaq kimi baxa bilirlər. Özlərinə tay bildikləri çevrə yalnız özündən yüksək təbəqədə, yüksək statuslu insanlar ola bilər".
S.Bağırova bildirib ki, əsasən narsistlər başqalarına qarşı empatiya hiss edə bilmirlər: "Başqasının sevincini, uğurunu paylaşa bilmirlər. Çoxu düşünür ki, bu, onların qısqandıqlarından irəli gəlir. Amma elə deyil. Sadəcə, onlara qüsurlu və aşağı səviyyəli uğurun mükafatlanması gülünc gəlir. Əgər kimsə sıradan biri onun hər hansısa qüsurunu ona demiş olsa özündən çıxmış olur. Amma özündən yüksək təbəqəli, yaxud yüksək zövqlü biri desə bunu qəbul edə bilər. Düzdür, indi hər yerindən duran özünə mükəmməlliyyətçi, şərəfsizliyə isə narsisizm adı yapışdırıblar".
Psixoloq iş təcrübəsinə əsaslanaraq bildirib ki, əslində narsist insan gözəlliklər yaratmağı sevir: "Nə istədiyini dəqiq bilir. Kimsə onun fikrini önəmsəməsə gözündən salır o adamı. Narsistlər əslində öz dəyərini bilir və çevrəsində özü kimisini görmək istəyir, əks təqdirdə kobud olur. Özünü hər şeyin ən yaxşısına layiq gördüyü üçün sıradan insanlar arasında əziyyət çəkir. Özünü öz qabında hiss etmir. Düşünür ki, ondakı ağıl və qabilliyətə görə, məsələn sarayda yaşamalı idi, amma daxmada yaşayır. Və bu, onda aqressiya yaradır. Axmaq kimi görür ətrafındakı insanları, çünki çox zaman həqiqətən qeyri-adi fikirlərə sahib olurlar."
Müsahibimizə görə, belə bir deyim var:
“Dünyadakı bütün gözəllikləri narsistlər
Mümkün olmayacaqları mümkün edən-psixopatlar
Sülh və mehribanlığı depressivlər
Ən maraqlı şeylər isə şizoidlər tərəfindən yaradılıb.
Sağlam psixikaya sahib insan isə özündən iz buraxmayıb”.
Xəyalə Rza
















