• Bakı 13° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Məzun bolluğu, iş qıtlığı: Diplom kifayət etmir

CƏMİYYƏT

16 Aprel 2026 | 10:44

Məzun bolluğu, iş qıtlığı: Diplom kifayət etmir

Müasir əmək bazarının tələbləri fonunda plan yerlərinin vakansiyalarla uyğunlaşdırılması məsələsi tez-tez müzakirə olunur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, sosialist sistem dövründəki mexanizmə əsasən nə qədər plan yeri ayrılırdısa, bir o qədər də tələbə məzun olmalı idi. Məzunlar icbari qaydada vakansiyalara yönləndirilərək əmək fəaliyyətinə başlayırdı:

"Hazırda isə kapitalist cəmiyyətdə yaşayırıq və bu sistemdə belə bir yanaşma yoxdur. Burada əsas prinsip ondan ibarətdir ki, əmək bazarına potensiallı, öz sahəsini yaxşı bilən mütəxəssislər lazımdır.

Universitetlər plan yerlərini istədikləri qədər artıra bilər. Məsələn, Türkiyəyə baxdıqda görürük ki, tələbə sayı kifayət qədər çoxdur. Bu isə vakansiyaların sayının eyni templə artdığı anlamına gəlmir. Ümumilikdə beynəlxalq təcrübədə də, xüsusilə kapitalist ölkələrdə vəziyyət bu şəkildədir".

Ramin Nurəliyev: Əsas odur ki, vakansiyalara sahəsi üzrə ən yaxşı və keyfiyyətli mütəxəssislər cəlb olunsun

Ekspertin sözlərinə görə, universitetlər məzun yetişdirir, lakin yalnız öz sahəsində inkişaf edən, bilik və bacarıqlarını artıran şəxslər əmək fəaliyyətinə cəlb olunur. Öz üzərində işləməyənlər isə əmək bazarından kənarda qalır. Bu da təbii olaraq ciddi və davamlı rəqabət mühiti formalaşdırır. Müsahibimiz bu sistem daha əlverişli sayır:

"Bizdə də plan yerləri birbaşa vakansiyalara uyğun şəkildə müəyyən edilmir. Məsələn, hər hansı ixtisas üzrə 200 vakansiya olduğu halda, dövlət 500 plan yeri ayıra bilər. Bu zaman həmin 500 nəfərdən ən yaxşı 200 nəfər seçilərək işlə təmin olunur.

Bu yanaşma onu göstərir ki, hər bir şəxs öz üzərində ciddi şəkildə işləməli, bilik və bacarıqlarını artırmalıdır. Əks halda, davamlı və sağlam rəqabət mühiti formalaşmaz. İnsanlar düşünə bilər ki, universiteti bitirdikdən sonra onsuz da rahat şəkildə iş tapacaqlar və bu da inkişaf motivasiyasını azaldar".

Ramin Nurəliyev qeyd edir ki, kapitalist cəmiyyətində mövcud olan bu model daha məqsədəuyğundur və dəstəklənməlidir. Plan yerlərinin sayı vakansiyalarla birbaşa əlaqələndirilməməlidir. Əsas olan odur ki, vakansiyalara sahəsi üzrə ən yaxşı və keyfiyyətli mütəxəssislər cəlb olunsun. Bu isə sağlam rəqabətin formalaşması üçün ən ideal yanaşmadır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

15 Aprel 2026