• Bakı 25° C

    0.26 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

28 May: Tarixi irsin dövlətçilik strategiyasına çevrilməsi

SİYASƏT

28 May 2025 | 12:28

28 May: Tarixi irsin dövlətçilik strategiyasına çevrilməsi

Tarixin yaddaşına həkk olunan günlər vardır ki, onlar təkcə bir dövlətin yaranmasını deyil, həm də bir millətin kimliyini, iradəsini və azadlıq ruhunu təcəssüm etdirir.

Azərbaycan xalqı üçün belə günlərdən biri, bəlkə də birincisi  28 Maydır. Bu tarix bizə yalnız bir dövlətin qurulduğunu xatırlatmır, həm də azad yaşamaq idealının necə uğrunda mübarizə ilə qazanıldığını göstərir. 28 May 1918-ci il – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün  bu xalqın taleyində yeni bir səhifə açdı. Bugünkü müstəqil Azərbaycanın ideya təməlini qoyan bu gün, tariximizin həm şanlı, həm də məsuliyyətli bir başlanğıcıdır.

Xalqımızın müstəqillik salnaməsi ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşında təkcə bayram günü deyil, həm də tarixi şüurun formalaşmasında mühüm rol oynayan strateji dönüş nöqtəsidir:

"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalq ilk dəfə olaraq öz suveren dövlətini qurdu. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən AXC-nin fəaliyyəti, müasir dövrdə Azərbaycan dövlətçiliyinin ideoloji və institusional təməllərinin bünövrəsini təşkil etdi. AXC-nin fəaliyyəti qısa olsa da, siyasi və sosial baxımdan əhəmiyyətli islahatlarla yadda qaldı. Qadınlara səsvermə hüququnun verilməsi, milli ordu quruculuğu, təhsilin ana dilində təşkili və diplomatik tanınmalar cəmi 23 aylıq bir müddətdə həyata keçirilən, lakin uzunmüddətli təsir gücünə malik proseslər idi. Bu, göstərir ki, Cümhuriyyət ideyası təkcə o dövr üçün deyil, gələcək üçün də yönəldilmiş strateji bir proqram idi".

Azər Allahverənov, Milli Məclisin deputatı

Müsahibimizin sözlərinə görə, 1920-ci ildə Sovet işğalı nəticəsində Cümhuriyyət süqut etsə də, bu hadisə milli azadlıq ideyalarının yaddaşdan silinməsinə gətirmədi. Əksinə, həmin ideyalar xalqın kollektiv şüurunda yaşamağa davam etdi və 1980-ci illərin sonlarında SSRİ-nin zəifləməsi fonunda yenidən aktuallaşdı. 1991-ci ildə müstəqilliyin bərpası, məhz 1918-ci ildə atılmış dövlətçilik təməllərinin yenidən canlandırılması kimi qiymətləndirilə bilər:

"Lakin bərpa olunan müstəqillik öz-özlüyündə sabitlik və inkişaf demək deyildi. 1990-cı illərin əvvəllərindəki siyasi xaos, Ermənistanla müharibə və iqtisadi böhran dövlətin dağılmaq təhlükəsini artırdı. Bu kontekstdə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, milli dövlətçiliyin xilası baxımından həlledici mərhələ oldu. Onun həyata keçirdiyi strateji idarəetmə modeli, ilk növbədə sabitliyin təmininə, daha sonra isə dövlət institutlarının möhkəmlənməsinə yönəldi. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu kurs davam etdirildi. İqtisadi modernləşmə, enerji diplomatiyası və ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın regional gücə çevrilməsinə səbəb oldu. 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi isə bu kursun nəticəsi olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşdı. Bu, yalnız hərbi deyil, həm də siyasi və ideoloji qələbə idi – XX əsrdə itirilmiş torpaqların XXI əsrdə geri qaytarılması dövlətçilik ideyasının təntənəsinə çevrildi".

Son olaraq parlamentari əlavə edib ki, 2021-ci ildə 28 May tarixinin rəsmi şəkildə Müstəqillik Günü elan olunması, təkcə simvolik addım deyil, həm də tarixi və siyasi yaddaşın dövlət səviyyəsində institutlaşdırılması aktıdır. Bu, bir tərəfdən AXC-nin mirasının tanınması, digər tərəfdən isə müasir Azərbaycanın ideoloji özünüdərk prosesinin nəticəsidir:

"28 May təkcə bir tarix deyil – bu gün milli iradənin, dövlətçilik ənənələrinin və gələcəyə inamın rəmzidir. 1918-ci ildən başlayan bu yol, 1991-ci ildə bərpa olundu, 1993-dən etibarən möhkəmləndirildi və 2020-ci ildə özünün siyasi və ərazi baxımından kulminasiya nöqtəsinə çatdı. Bu gün müstəqil Azərbaycan, 28 Mayın tarixi ruhunu yaşadan və onu gələcək nəsillərə daşıyan güclü bir dövlətdir".

Əli Hüseynov


SON XƏBƏRLƏR