Havaların istiləşməsi ilə əlaqədar ictimai nəqliyyatda kondisionerlərin işə salınması məsələsi yenidən gündəmə gəlib. Belə ki, iyun ayı yarı olsa da, bəzi avtobuslarda gələ də kondisionerlər işləmir. Bu isə sərnişinlər arasında haqlı narazılığa səbəb olur.
“Hər gün 65 nömrəli marşrutdan istifadə edirəm. Xətdəki bəzi avtobuslarda kondisioner işləyir, bəzilərində elə bil peç yandırıblar”, - deyən Ağa Məmmədov gileylənir. Onun sözlərinə görə, dəfələrlə sürücülərdə bunu irad tutanda bir cavab alırlar: “Yaxın günlərdə kondisionerlər qoşulacaq”.
10 nömrəli marşrutun daimi sərnişini Gülnarə Qasımzadə də avtobusda kondisionerin işləməməsindən şikayətlənir:
“Avtobusda sərnişin çox olanda nəfəs almaq belə olmur. Bu gün 34 dərəcə isti olacaq, bu istidə kondisionersiz avtobusa minmək əzabdır. Soruşanda da deyirlə, hələ yay deyil ki. Yayı da gözləyək, görək necə oloacaq?”
Bakıvaxtı.az sərnişinlərin şikayətlərini ümumiləşdirərərk, “ictima nəqliyyatda kondisionerlər tam olaraq nə vaxt işləyəcək” sualı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və "Xaliq Faiqoğlu" şirkətinə müraciət etdik.
AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib:
“Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb”.
"Xaliq Faiqoğlu" şirkətindən Bakıvaxtı.az-a bildirildi ki, hazırda müasir tipli avtobusların 80 faizindən çoxunda kondisionerlər işləkdir:
“İlk günlərdə bəzi nəqliyyat vasitələrində problem və çatışmazlıqlar üzə çıxır ki, həmin hallar da tərəfimizdən aradan qaldırılır”.
Aynur Babazadə
Bakı 



