Çinin molekulyar bioloqları “omikron”un ilk versiyasında olan antitellərin digər versiyalara, hətta “omikron”a belə təsir etmədiyini bildiriblər. Yəni, daha əvvəl vurdurulmuş vaksinlərin yaratdığı immunitet yeni koronavirisun yeni variantı yaransa təsir etməyə bilər. O zaman insanlar 4-cü, 5-ci, hətta 6-cı doza vaksin də vurdura bilər?
İnfeksionist Nicat Əzimlinin Bakıvaxtı.az-a dediyinə görə, bu araşdırma nəticəsinə əsaslanaraq fikir bildirilsə, bu, ola bilər: “Lakin, həmin qeyd olunan variantlarla bağlı ölkəmizdə hazırda epidemik vəziyyət qənaətbəxşdir. Bundan əlavə, əldə olan vaksinlər hər bir varianta qarşı zaman-zaman təkmilləşdirilir və yenidən istifadəyə verilir”.
İnfeksionistin sözlərinə görə, əgər genetik olaraq tamamilə fərqli bir variant ortaya çıxırsa, təbii ki, keçirilmiş xəstəlikdən və ya vurdurulmuş vaksindən alınan imminitet buna qarşı effektsiz olur: “Bu, çox təbiidir, demək olar, bütün infeksion xəstəliklərdə mutasiya baş verdiyi halda bu hal təbii hesab edilir”.
Həmsöhbətimiz qeyd edib ki, sözügedən mövzuda da epidemik vəziyyət nəzərə alınaraq vaksinlərin tədbiqinə daha da ehtiyac ola bilər, ya da ertələnə bilər: “Amma keçirilmiş xəstəliyin yaratdığı immunitet indiki xəstəliyə qarşı effektsizdirsə, təbii ki, ona qarşı təkmilləşdirilmiş vaksin istifadə olunmalıdır. Əvvəlki vaksinlərdən bu effekt alınmaya bilər. Əgər biz ölkədə aparılmış vaksinasiya və təbii proses nəticəsində yaranan kütləvi immunitet hesabına epidemik vəziyyəti yaxşı görürüksə, deməli, indiki immunitet hazırda Azərbaycanda dövr edən koronavirus variantlarına qarşı əhalini qoruyur. Yəni, bir narahatlığa əsas yoxdur. Lakin Çində aparılmış bu araşdşrma həqiqətən reallığı əks etdirirsə, tamamilə dəyişdirilmiş yeni bir dalğada, təkmilləşdirilmiş vaksinin qəbuluna ehtiyac ola bilər”.
Aytac Aslan
















