"Mənə görə, 60-cı illərin ən parlaq və aparıcı simalarından biri olan Elçin müəllim yaradıcılığı heç vaxt tərk etmədi. Son günlərinə qədər yazırdı".
Bunu Bakıvaxtı.az-a bu gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevdən danışan Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə deyib.
E.Əfəndiyevlə təxminən bir-iki həftə əvvəl söhbəti olduğunu xatırladan M.Ələkbərzadə deyib ki, onunla gələcək planlardan, yeni premyeradan danışıblar.
"Özünü yaxşı hiss etmirdi. Yenə də “Gələcəm, premyeranı sentyabra saxlayaq, amma bura qədər gəlim” dedi. Amma həmin gün səhər zəng etdi ki, heç yaxşı deyil. Mən də sadəcə “Canınız sağ olsun” deyə bildim. Dedi ki, “Yox, istəmirəm belə olsun, bu iş layiqincə olsun”. Elə istəyirdi ki, gəlsin... Son ana qədər gəlmək istəyirdi. Gələ bilmədi...
Qızları – Günay xanım, Humay xanım – tamaşaya gəldilər. Sonra danışdılar, Elçin müəllim qıyabi olsa da xəbərləri eşidib çox sevinmişdi. Dedi: “Onlar danışır, amma mən özüm görməsəm, rahatlamayacağam...” Mən də dedim: “Görəcəksiniz, inşallah…”
Tamaşa üçün romanı təklif edəndə mənə dedi: “Mən romanı yazmışam, amma onu səhnəyə çevirmək mənlik deyil, təsəvvür edə bilmirəm”. Sonra pyesi təqdim edəndə təəccüblə dedi: “İnanmıram ki, bu əsərin səhnə variantı olar”. Çox razı qalmışdı. Cəmi kiçik bir əlavə etdi. Zarafatla da dedi ki, “Bundan sonra romanlarımı pyesə sən çevirəcəksən” Mən də dedim: “Baş üstə, ilk işim ‘Ölüm hökmü’ olacaq”.
M.Ələkbərzadə Xalq yazıçısı ilə tanışlığının özünün tələbəlik illərindən başladığını deyib:
“Qatil” pyesini məhz mənim üçün yazmışdı. Deyirdi, “Mən artıq duyuram, sənə nə lazımdı, nə hiss etdiyini anlayıram. Səni mənim qədər heç kim anlamayacaq".
"O, böyük bir iz qoyub getdi. Tələbkar, intellektual, eyni zamanda mülayim və qətiyyətli biri idi. Sartırı, Kobo Abeni tərcümə edirdi. Onun tərcümə etdikləri də özü qədər güclü idi. Çünki ancaq güclü düşüncə adamı belə müəlliflərə yaxın dura bilərdi", - deyə Ələkbərzadə əlavə edib.
Onun sözlərinə görə, planında “Ölüm hökmü” vardı:
"Deyirdi: “Qarabağ artıq alınıb, indi biz Qarabağa fərqli baxmalıyıq”. Söhbətlərimizdə bu cür yeni məqamları çox düşünürdü. Amma ömür yetmədi... Bu gün o tamaşanın rejissoru olaraq mənə çox ağırdır. “Qatil” pyesini mənim üçün yazdığını deyirdi. Hərçənd bu sözləri bir çoxlarına deyib, amma mən onun inandığı rejissorlardan biri olmuşam. İndi onun “Qatil” pyesinin son quruluşunu verən rejissor kimi mənim üçün bu vəziyyət ikiqat ağırdır. Onun üçün sevdiyi əsərlərini təqdim etmək mənə qismət oldu. Bunu böyük məsuliyyət, eyni zamanda qürurla daşıyıram.
Elçin müəllim mənim yaradıcılığımda iz qoydu, təkcə yazıçı deyil, mənimçün həyatımın vacib parçası idi.
Onunla bağlı planlarımız çox idi. “Qatil”i üçüncü dəfə səhnəyə qoymağı düşünürdük. Deyirdi: “Baxaq görək, üçüncü dəfə necə olacaq...” Təəssüf ki, həyat da tamaşa kimidir – bir gün pərdə bağlanır…"
Turan Etibaroğlu