İraqda "Əl-Həşd əş-Şaabi" şiə xalq milislərinin qərargahına endirilən aviazərbə nəticəsində ən azı üç nəfər həlak olub, daha yeddi nəfər isə yaralanıb.
Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Məlumata görə, zərbə ölkənin şimalındakı Kərkük hava limanı yaxınlığına endirilib.
ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları fonunda İraqda şiə milislərinin mövqelərinə Amerikanın endirdiyi aviazərbələr nəticəsində artıq onlarla döyüşçü həlak olub.
Daha əvvəl İraq Xarici İşlər Nazirliyi ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilinə Ənbar əyalətində "Əl-Həşd əş-Şaabi" qərargahına, eləcə də Ərbildə kürd təhlükəsizlik qüvvələrinin qərargahına endirilən zərbələrlə əlaqədar etiraz notası təqdim edib.
Qeyd edək ki, "Əl-Həşd əş-Şaabi" birləşmələri İŞİD terror qruplaşması ilə mübarizə dövründə yaradılıb və onun darmadağın edilməsində əhəmiyyətli rol oynayıb. Hazırda milis qüvvələri rəsmi olaraq İraq silahlı qüvvələrinin tərkibinə daxildir. Eyni zamanda, Vaşinqton bu qurumu Tehranla bağlı olan İranmeylli qüvvə kimi nəzərdən keçirir./Report
Bakı 




