• Bakı 22° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

ABŞ geri çəkilir: Ukrayna üçün yolun sonu...

DÜNYA

11 Iyun 2025 | 13:32

ABŞ geri çəkilir: Ukrayna üçün yolun sonu...

“Ukraynanın aqibəti çoxdan bəllidir. Kiyevə verilən vədlər Qərb müttəfiqləri tərəfindən yerinə yetirilməyəndən, eləcə də, Donald Trampın hakimiyyətə qayıdışından sonra artıq bu savaşda yolun sonu görünməyə başladı”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Cavanşir Abbaslı ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasından danışarkən bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Zelenski iqtidarına Avropadan “süni nəfəs verilir”:

“Demək olar ki, Qərb dünyası bu müharibədən istədiyini almaq, niyyətinə çatmaq üzrədir. Tam şəkildə hədəflərə çatılandan sonra Ukrayna danışıqlar masasına oturdulacaq və Rusiya tərəfinin şərtlərinin qəbul etdiriləcəyi bir razılaşma əldə olunacaq. İndiki mərhələdə bu, daha çox atəşkəs kimi görünür, lakin müharibə bir müddət də davam edərsə, kapitulyasiya sənədi belə meydana çıxa bilər. Ukrayna tərəfinin o sənədə qol çəkməyə məcbur edilməsi də mümkündür. Unutmayaq ki, tarix boyu “böyük balıqlar hər zaman kiçik balıqları udub”.

Müsahibimiz diqqətə çatdırıb ki, Amerikanın sonunda Ukraynanı döyüş meydanında tək qoyacağı zatən gözlənilirdi:

“ABŞ hansı bir ölkəni sona qədər dəstəkləyib? Gürcüstanı 2008-ci ildə qurban verən, Ukraynanı 2014-də meydanda başsız buraxan ABŞ deyildimi? Bir sözlə, hər zaman dediyim bir fikri bir daha səsləndirirəm, Zelenski bunu hələ hakimiyyətə gəldiyi ilk illərdən anlamalı idi. ABŞ müdafiə naziri hələ gələn il üçün bu fikirləri deyir. Demək, bu il üçün Ukraynanın hələ də dirənməsi üçün əllərindən gələni edəcəklər. Çünki onlara Rusiyanın zəifləməsi lazımdır. Buna da hələ tam nail ola bilməyiblər. Əslində müdafiə nazirinin dediyi 66 milyardlıq yardım Amerika kimi bir supergüc üçün çox kiçik bir rəqəmdir. Bunu da bir qədər azaltmaq faktiki bu savaşdan mərhələ-mərhələ geri çəkilmək deməkdir”.

Cavanşir Abbaslı: Amerikanın Ukraynanı döyüş meydanında tək qoyacağı zatən gözlənilirdi

C.Abbaslı hesab edir ki, ABŞ müdafiə naziri “indiki administrasiya bu müharibəyə tamam başqa cür baxır” deməklə əslində Trampın mövqeyini bir daha xatırladır, Zelenski iqtidarını uyarır:

“Bütün münaqişələrdə sərgilənən mövqeyi nümayiş etdirilir, yəni tərəflər sülhə çağırılır. Biz bunu Qarabağ məsələsində 30 ilə yaxın müddətdə yaxşı görmüşük. Guya ki, Amerikanın məsələlərdən xəbəri yoxmuş kimi davranırlar. Halbuki, bu savaşın başlanmasının əsas səbəbkarlarından birinin Birləşmiş Ştatlar olduğunu bütün dünya bilir. Bir sözlə, Ukraynanı savaş meydanına sürükləyənlər artıq onun arxasından geri çəkilməkdədirlər. Bu tendensiya bundan sonra sürətlə davam edəcək”.

Qeyd edək ki, 2026-cı ildə Vaşinqton Kiyev üçün silah alışı üçün büdcəni azaltmaq niyyətindədir.

Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasında bildirib.

O, konqresmenlərin Ukraynaya gələcək silah tədarükü ilə bağlı suallarını cavablandırarkən deyib: “Bunun üçün büdcədə azalma var”.

Aydın Baxış


SON XƏBƏRLƏR