50-dən çox ölkə gömrük rüsumlarının azaldılması üçün ABŞ-yə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
O, açıqlamasında "50-dən çox ölkə danışıqlara başlamaq üçün ABŞ prezidenti Donald Trampla əlaqə saxlayıb və onlar bunu çoxlu tariflərlə üzləşdiklərini başa düşdükləri üçün edirlər" sözlərini işlədib.
ABŞ-nin başlatdığı ticarət müharibəsi hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatı üçün barometrdir. Burada baş verən hər kiçik hadisə digər ölkələrin iqtisadiyyatlarında kəskin dalğa zərbəsi kimi hiss edilir.
Onun sözlərinə görə, ABŞ dövlət başçısının geniş söhbət mövzusuna çevrilən tarif siyasətində yaxın müddətdə olmasa da, bir sıra istiqamətlərdə geri addım atacağı qaçılmaz görünür:
"Amerika bazarına girişin məhdudlaşdırılması qlobal istehsalı dayandıra, tıxac ortaya çıxara və axını saxlaya bilər. Bunun nəticəsində isə dünya ölkələrində iqtisadi artım dərhal səngiyəcək, tənəzzül ortaya çıxacaq. Başqa sözlə, qiymətlər qalxacaq, alıcılıq qabiliyyəti aşağı düşəcək və bütün sahələrdə durğunluq yaranacaq. Beləliklə, hər şey bumeranqa çevrilərək ABŞ-nin öz üzərinə qayıdacaq. Bunu Amerika dövlət başçısının özü və Administrasiyası da çox gözəl bilir. Odur ki, bir sıra ölkələrə münasibətdə sözügedən tarif siyasətində geri addım atılacağı, bir sıra istiqamətlərdə yumşaldılmaya gediləcəyi şübhə doğurmur".
Heydərov vurğulayıb ki, iqtisadiyyatın öz qanunları var və prezident Tramp özü iş adamı olduğundan bunları yaxşı bilir.
"Tramp çox gözəl başa düşür ki, istənilən istiqamətdə və sahədə rüsum artımı qiymət yüksəlişinə gətirib çıxarır, nəticədə inflyasiya baş verir. Qarşılıqlı alış-veriş və ticarət əlaqələrində üstün mövqeyə sahib olmaq üçün idxalı məhdudlaşdırmaq yox, ixracı stimullaşdırmaq lazımdır. Məsələ isə bundadır ki, ABŞ əksər ticarət tərəfdaşları ilə alış-verişdə xeyirdən çox zərər əldə edir, yəni bütün əsas tərəfdaş ölkələrlə ticarətdə mənfi saldoya, başqa sözlə desəm, kəsirə sahibdir. Konkret olaraq, Avropa Birliyi ilə bu rəqəm 350 milyard dollar təşkil edir", - deyə iqtisadçı bildirib.
Pərviz Heydərov: Qlobal miqyasda ciddi inflyasiya dalğası ortaya çıxacaq
Müsahibimiz hesab edir ki, əslində əsas dava Çin başda olmaqla, Aİ, Kanada, Meksika ilədir. Yeni tariflərin tətbiqi və artırılması barədə qərarın dünyada mövcud 200 ölkədən 183-nə qarşı qəbulu isə sadəcə olaraq, gözdən pərdə asmaq üçündür. Hansı ki, bunun necə deyərlər, güdazına gedənlərdən biri də ölkəmizdir:
"Tramp Azərbaycandan idxala da 10% rüsum tətbiq edib. Ancaq bu, gülüncdür, o baxımdan ki, ölkəmiz ABŞ-dən daha çox idxal edir, nəinki ixrac həyata keçirir. Bizim üçün ABŞ bazarı olmasın, başqa bazar olsun. Problem bunda deyil. Gözlənilən təhlükə yalnız ondan ibarətdir ki, beynəlxalq bazarlarda ciddi bahalaşma yaranacaq, enerji daşıyıcılarının qiymətləri düşəcək. Qlobal miqyasda ciddi inflyasiya dalğası ortaya çıxacaq. Bizim bazar isə idxaldan asılı vəziyyətdədir".
Gülşən Şərif