• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Aİ-nin durbin missiyası: Müddətin uzadılması münasibətlərin normallaşmasına əngəl törədir

CƏMİYYƏT

30 Yanvar 2025 | 16:11

Aİ-nin durbin missiyası: Müddətin uzadılması münasibətlərin normallaşmasına əngəl törədir

Avropalı müşahidəçilər daha iki il Azərbaycanla sərhəddə qalacaqlar.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, Avropa İttifaqı ölkələrinin səfirlərinin Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı qərarına əsasən baş tutacaq.

Müşahidəçilərin tərkibi və sayı dəyişməz olaraq 165 beynəlxalq və 44 erməni işçidən ibarətdir. Müşahidəçilər 2027-ci il fevralın 19-dək sərhəddə olacaqlar.

Ai müşahidəçilərinin sərhəddə qalması nəyi dəyişə bilər?

Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfi Aİ müşahidə missiyasının sərhəddəki fəaliyyətini süni şəkildə uzatmaqla, iki ölkə arasında olacaq sülh münasibətlərinə zərbə vurur.

Onun sözlərinə görə, Aİ də müşahidəçilərin müddətini uzatmaqla, Azərbaycanla münasibətlərin normallaşmasına ciddi şəkildə əngəllər törədir:

"Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin müddəti ilə bağlı konkret olaraq Azərbaycan və Ermənistan arasında razılıq əldə olunmuşdu. Təəssüf ki, Aİ və Ermənistan bu razılaşmanı pozur. Son zamanlar Avropa Şurası Parlament Assembleyası, Avropa Komissiyası və digər Avropa qurumlarının institutları Azərbaycana qarşı xoş olmayan addımlar atırlar. Bu addımlar Azərbaycanın Avropdakı qurumlarla münasibətində gərginlik yaradır. Müşahidə missiyasının fəaliyyəti bu gərginliyi daha da şaxələndirir”.

Müsahibimiz qeyd edib ki, sözügedən müşahidə missiyası regionda heç də təkcə müşahidə ilə məşğul olmur və demək olar ki, kəşfiyyat xarakterli məlumatların toplanması ilə məşğuldur. Yəni, müşahidə missiyasının fəaliyyət istiqamətləri ümumilikdə gizlədilir.

Z.Əmrəliyevin fikrincə, müşahidəçilərin Azərbaycanla sərhəddə durbinlərlə ölkəmizi izləməsi və kəşfiyyat xarakterli əməliyyatlar icra etməsi Azərbaycana qarşı düşmən münasibətinin göstəricisidir.

Zeyhal Əmrəliyev: Müşahidə missiyasının fəaliyyət istiqamətləri ümumilikdə gizlədilir

Politoloq bildirib ki, əgər avropalı müşahidəçilər yalnız sərhəd xəttinə nəzarət edirlərsə, bu halda müşahidə hər iki tərəfdən həyata keçirilməlidir. Ermənistan tərəfindən duraraq Azərbaycanı müşahidə etmək tamamilə xoş olmayan bir münasibət və Azərbaycanın suverenliyinə qarşı hörmətsizlikdir. Azərbaycan öz torpaqlarını azad edib və öz ərazisində tikinti, bərpa və yenidənqurma işləri həyata keçirir. Tikinti işlərini müşahidə altında saxlamaq əsassız yanaşmadır.

“Avropalı müşahidəçilərin regionda qalması Azərbaycanın Avropa institutları ilə münasibətlərinin normallaşmasına mane olacaq. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə uzanmasına mənfi təsir edəcək", - deyə Zeynal Əmrəliyev vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

30 Yanvar 2025