• Bakı 12° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Bu şəxslərə dövlət dəstəyi bəzi problemlərin qarşısını ala bilər - AÇIQLAMA

CƏMİYYƏT

17 Fevral 2026 | 13:27

Bu şəxslərə dövlət dəstəyi bəzi problemlərin qarşısını ala bilər - AÇIQLAMA

Cəmiyyətin dayanıqlılığı və inkişafı böyük ölçüdə ailə institutunun sağlam fəaliyyətindən asılıdır.

Ailə yalnız fərdlərin formalaşdığı bir mühit yox, həm də dəyərlərin ötürüldüyü, sosial və psixoloji sabitliyin təmin olunduğu əsas sütundur. Lakin müasir dövrdə baş verən sosial-siyasi dəyişikliklər, iqtisadi çətinliklər və sürətli urbanizasiya ailənin ənənəvi funksiyalarını çətinləşdirir, boşanma və ailədaxili ziddiyyətlərin sayını artırır.

Bu kontekstdə sual meydana çıxır: ailə institutunun möhkəmlənməsi üçün əsas yük dövlətin üzərinə düşür, yoxsa cəmiyyətin, yəni ailələrin və ictimai dəyərlərin özünün məsuliyyəti daha önəmlidir? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova deyib ki, ümumiyyətlə, ailə cəmiyyətin əsas psixoloji bazasıdır və psixologiyada şəxsiyyətin formalaşdığı ilk mühit kimi xüsusi rol oynayır. Bu səbəbdən, ailə qurularkən dövlətin birbaşa müdaxiləsi adətən yoxdur. Yalnız niqahın bağlanması mərhələsində qanuni tənzimləmələr həyata keçirilir:

"O vaxta qədər ailə üzvlərinin davranışı onların şəxsi məsuliyyətinə və emosional təhlükəsizliyinə əsaslanır. Psixoloji olaraq sağlam bir cəmiyyət formalaşdıqda, ailələrin də dayanıqlığı artır və boşanma riskləri azalır. Dövlət dəstəyinin ailəyə təsiri sadəcə “hə” və ya “yox” cavablarından ibarət deyil".

Aytən Ələkbərova: İlkin boşanmaların qarşısını almaq mümkündür

Müsahibimizin dediyinə görə, araşdırmalar göstərir ki, valideynlərin gəlir dəstəyi, sosial yardımlar, ailəyə yönəlmiş təhsil proqramları, məktəblər və psixoloji mərkəzlər ailəyə dəstək ola bilər. Dövlətin bu dəstəyi nigahın bağlanması və sonlandırılması ilə bağlı olduğu kimi, ailənin ilkin problemlərinin qarşısını almaqda da önəmli rol oynaya bilər.

Həmsöhbətimiz qeyd edib ki, sosial təminata və uşaq baxımına ehtiyacı olan ailələr üçün dövlət dəstəyi təmin edilərsə, ailədə yaranan ilkin gərginliklərin qarşısı alınmış olar:

"İki işləyən insan eyni zamanda dövlətin sosial dəstəyindən və psixoloji yardımlardan faydalandıqda, bu, ailənin stabilliyi üçün mühüm amil olur və boşanmaların qarşısını alır. Ailənin məsuliyyətli şəkildə özünü idarə etməsi, dövlətdən alınan dəstək sayəsində daha da güclənir. İnsan bilir ki, dövlət bu şəraiti yaradır və onun üzərinə düşən məsuliyyət, qurduğu ailəni qorumaq və davam etdirməkdir. Bu dəstək sayəsində xırda söz-söhbətlər və problemlər ailəni zəiflədə bilmir".

Psixoloq vurğulayıb ki, məsuliyyətli ailə düşüncələrinin formalaşması və dövlətdən alınan dəstək nəticəsində ilkin boşanmaların qarşısını almaq mümkündür.

Əli Hüseynov


SON XƏBƏRLƏR