Türkiyədə bələdiyyə seçkiləri bitdikdən sonra müxalifətin, xüsusən Cümhuriyyət Xalq Partiyasının (CHP) bir sıra üzvləri erkən parlament və prezident seçkiləri mesajları verməyə başlayıblar.
Türkiyə prezidentinin aparatı 2028-ci ilədək heç bir seçkinin keçirilməyəcəyini açıqlasa da, müxalifətin bu məsələni gündəmə daşıyacağı ehtimalı böyükdür. CHP sədri Özgür Özəl də bildirib ki, əgər belə bir tələb olarsa, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarı xalq qəbul edəcək.
Ümumiyyətlə, CHP-nin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə mübarizədə kifayət qədər ciddi səs fərqi ilə ilk qələbəsini qazanması geniş müzakirələrə səbəb olub. Ekspertlərə görə, iqtidarın bəzi yanlış addımları və iqtisadi problemlər CHP-nin qələbəsini şərtləndirdi.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri eyforiyaya qapıldı və bu da seçkinin nəticələrinə təsir göstərdi.
Ekspertin sözlərinə görə, hakim partiyanın arxayınlaşması yersiz idi, çünki prezident seçkisi zamanı aradakı fərq çox az idi:
"Ancaq AKP bundan nəticə çıxarmadı. Bu yanlışlıq və boşluqdan Cümhuriyyət Xalq Partiyası məharətlə istifadə etdi. CHP rəhbərliyindəki dəyişiklik Türkiyədə cümhuriyyətçilərin aktivləşməsinə gətirib çıxardı”.
Müsahibimiz hesab edir ki, AKP-nin ən böyük səhvi suriyalıları Türkiyədə yerləşdirmək idi. Təxminən 5 milyon suriyalının Türkiyəyə yerləşdirilməsi əslində prezident Rəcəb Tayyib Ərdoğana qarşı daxildə narazılıq yaratmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Qərbin planı idi:
“Əsasən, İstanbulda, Ankarada və digər böyük şəhərlərdə məskunlaşmış suriyalılar Türkiyə mədəniyyətinə uyğun olmayan davranışlara yol verdilər. Suriyalı ərəblər Türkiyənin mədəniyyətinə, dininə ciddi ziyan vurdular. Digər yandan Suriyadan gələn ərəblərin yerinə İrandan kürdlər köçürüldü. Suriya və İraqın müəyyən bölgəsində "kürd dövləti"nin yaradılması üçün zəmin hazırlandı. AKP bunu da görə bilmədi".

Cümşüd Nuriyev: AKP-nin ən böyük səhvi suriyalıları Türkiyədə yerləşdirmək idi
C.Nuriyevin fikrincə, Ərdoğanın Yaxın və Orta Şərqdə, Qafqazda artan nüfuzu Qərblə yanaşı, Rusiya və İranı da narahat etməyə başlamışdı:
"Üzdə düşmən olsalar da, fərqli qütblər arxada Ərdoğanın əleyhinə işləməyə başladılar. AKP-nin digər səhvi odur ki, dünyanın hər yerindən qaçıb gələnləri qəbul etdilər. Rusiya-Ukrayna savaşından dolayı hər iki ölkədən qaçanlar daha çox Türkiyəyə yerləşməyə başladılar. Türkiyənin turizm şəhərlərində fərdi evləri alan əcnəbilər arasında zəngin rus və ukraynalılar çoxdur. Onların özləri ilə bərabər öz qanunlarını tətbiq etməyə başlaması yerli sakinlər arasında ciddi narazılıq yaratdı. Çox təəssüf ki, bu mənzərəni vaxtında görüb, analiz edə bilmədilər".
Aydın Baxış
















