Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında Kərimov İnam İmdad oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, səsvermə nəticəsində (104 lehinə, 2 nəfər səs verməyib) İ.Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun hakim olmasının lehinə səs verib. Cəmi 1 deputat əleyhinə səs verib.
Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.
O, 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. Ali Məhkəmənin yeni sədri 1984-1994-cü illərdə Bakı şəhərində S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.
1994-1995-ci illərdə ABŞ-nin İndiana ştatında “Richmond High School” da təhsilini davam etdirib.
1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.
1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb. 2013-cü ildə isə Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.
İnam Kərimov 2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.
2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.
İngilis, fransız, fars və rus dillərini bilir.
Evlidir, iki övladı var.
Ramid İbrahimov
















