• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Alimentlə bağlı VACİB XƏBƏR: fond yaradılsın … - AÇIQLAMA

CƏMİYYƏT

16 Sentyabr 2024 | 13:12 | Müəllif: Qalib İbrahimoğlu

Alimentlə bağlı VACİB XƏBƏR: fond yaradılsın … - AÇIQLAMA

Aliment, boşanma və ya ayrı yaşama halında, valideynlərin uşaqlarının maddi ehtiyaclarını təmin etmək məqsədilə ödədikləri maliyyə dəstəyidir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu hüquqi öhdəlik uşağın rifahını qorumaq və onun müstəqil həyata hazırlaşmasına kömək etmək məqsədini güdür. Azərbaycanda aliment hüququ uşaqların maddi, sosial və psixoloji təminatı baxımından önəmli bir yer tutur. Lakin son dövrlərdə aliment ödəmələrində yaşanan problemlər, mübahisələr və ödəmələrdən yayınma halları, bu sahədə islahatların zəruriliyini ortaya qoymuşdur.

Azərbaycanda aliment hüququ sahəsində bir sıra yeniliklər tətbiq etmək mümkündür ki, bu da cəmiyyətin ailə və uşaq hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Son illərdə boşanmaların artması və aliment ödəməkdən yayınan valideynlərin çoxalması bu sahədə islahatlara ehtiyacı bir daha gündəmə gətirir.

Bəs bu yeniliklər necə tətbiq edilə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, birincisi, elektron aliment sisteminin yaradılması bu sahədə vacib yenilik ola bilər:

“Elektron sistem vasitəsilə alimentin məbləği avtomatik olaraq hesablanaraq ödənişlərin monitorinqi həyata keçirilə bilər. Belə bir sistem həm alimentin vaxtında ödənilməsini təmin edəcək, həm də ödəyicilərin izlənməsini asanlaşdırar. Bu sistem xüsusilə ödəmələrin gecikməsi və ya ümumiyyətlə edilməməsi hallarında effektiv nəzarət mexanizmi təmin edəcək”.

Müsahibimiz qeyd edib ki, rəqəmsal gəlir bazalarının inteqrasiyası vacib yeniliklərdən ola bilər. Onun sözlərinə görə, bu, aliment ödəyicisinin gəlirlərinin şəffaf şəkildə müəyyən edilməsində mühüm rol oynayacaq. Azərbaycanda bir çox hallarda aliment ödəyiciləri gəlirlərini gizlədərək aliment məbləğini azaldırlar. Yeni qanunvericilik çərçivəsində müxtəlif dövlət və özəl təşkilatların rəqəmsal bazaları birləşdirilməli və aliment məbləği ədalətli şəkildə müəyyən edilməlidir.

A.Məmmədli qeyd edib ki, alimentdən yayınan şəxslərə daha sərt cəza tədbirləri tətbiq edilə bilər:

“Bu cəzalara maliyyə sanksiyaları, mülkiyyətin müsadirəsi və ya müəyyən ictimai xidmətlərdə məcburi əmək daxildir. Həmçinin, aliment ödəməyən şəxslərə dövlət tərəfindən müəyyən hüquqi məhdudiyyətlər qoyulması təklif oluna bilər ki, bu da onları aliment ödənişlərini yerinə yetirməyə təşviq edəcək”.

Ayxan Məmmədli: Alimentdən yayınan şəxslərə daha sərt cəza tədbirləri tətbiq edilə bilər

Hüquqşünas, həmçinin, bu barədə maraqlı təklif irəli sürüb:

“Dövlət aliment ödəmələrini təminat altına alması üçün xüsusi bir fond yarada bilər. Bu fond valideynin aliment ödənişindən imtina etdiyi və ya onun ödəmə qabiliyyətinin olmadığı hallarda uşaqlara maddi dəstək göstərər. Dövlət sonradan bu vəsaiti aliment ödəyicisindən geri alaraq, uşaqların maddi təminatını fasiləsiz davam etdirə bilər”.

Ayxan Məmmədli diqqətə çatdırıb ki, aliment məbləğinin yaşa və ehtiyaclara uyğun olaraq artan dinamikası izlənməlidir:

“Hazırda məbləğ sabit şəkildə müəyyən edildiyindən, uşağın artan ehtiyacları nəzərə alınmır. Yeni qanunvericilikdə alimentin uşağın yaşına, təhsil səviyyəsinə və sağlamlıq vəziyyətinə görə tənzimlənməsi təmin edilə bilər”,- deyə mütəxəssis fikrini tamamlayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026