Almaniya iqtisadiyyatı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə yüzdə 0,1, keçən ilin eyni rübünə görə isə yüzdə 0,4 azalıb.
Bakıvaxtı.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkə iqtisadiyyatının ilin üçüncü rübü üzrə yekun artım məlumatlarını açıqlayıb.
Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ümumi daxili məhsul (ÜDM) ilin üçüncü rübündə bir əvvəlki rüblə müqayisədə yüzdə 0,1 azalıb. Beləliklə, Destatis oktyabrın 30-da ilkin məlumatlarla açıqladığı 0,1 faizlik daralmanı təsdiqləyib.
Xatırladaq ki, Avropanın ən böyük, dünyanın isə 4-cü iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı ilin birinci rübündə inkişaf edə bilməsə də, ilin ikinci rübündə 0,1 faiz genişlənmişdi.
Destatis prezidenti Ruth Brand "2023-cü ilin birinci yarısında müşahidə edilən zəif iqtisadi inkişafın ardından Almaniya iqtisadiyyatı ilin ikinci yarısına performansda bir qədər azalma ilə başladı" deyib.
Ölkədə ÜDM ötən ilin üçüncü rübü ilə müqayisədə 0,4% azalıb. Rüblük əsasda nəzərə alındıqda, xüsusilə ev təsərrüfatlarının istehlak xərclərindən ÜDM-ə mənfi təsir göstəriv. Üçüncü rübdə özəl xərclər əvvəlki rüblə müqayisədə 0,3% azalarkən, dövlət xərcləri 0,2% artıb.
Maşın və avadanlıqların xərclərində 1,1%, tikinti investisiyalarında isə 0,4% artım müşahidə olunub. Eyni dövrdə mal və xidmət ixracı 0,8% azalıb.
Almaniya Mərkəzi Bankı (Bundesbank) zəif xarici tələb və keçən ilki enerji qiymətləri şokunun nəticələrinin istehsalı yavaşlatması səbəbindən Almaniya iqtisadiyyatının 4-cü rübdə daralacağını gözləyir. Əgər Almaniya iqtisadiyyatı son rübdə kiçilərsə, o, iki ardıcıl mənfi rübdə daralaraq texniki tənəzzülə düşəcək.
Ay Tac















