“Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyası daha da kiçiləcək, yığcam hala gələcək, reform keçiriləcək, bəlkə də funksianal olmayan bölmələri ləğv olunacaq”.
Bu barədə Bakıvaxtı.az-a təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib.
Ekspert AMEA-nın bir tədqiqat universitetinə çevriləcəyinə ümit etdiyin deyib: “Bu elm müəssisəsi yenə də öz adına uyğun fəaliyyət göstərəcək. Sadəcə, daha səmərəli və daha çevik iş olacaq. Məsələn, 350-450 manat maaş alıb ora gəlməyən və yaxud yarızamanlı işləyib əmək fəaliyyəti olmayan onlarla insan var idi AMEA-da. Artıq onlar daha yaxın təqibə götürüləcək, bəlkə də işlərini itirəcəklər. Çünki onlara ehtiyac yoxdu, sadəcə orda adları gedirdi”.
Q.Məhərrəmov vurğulayıb ki, orda daha səmərəli bir iş qurulacaq: “İqtisadi cəhətdən bir mənada səmərə doğuracaq, yəni, həqiqətən də, Akademiyada ora sərf edilən əməyə, zamana və maddi resursa dəyəcək işlər görüləcəyini düşünürəm. Elm təhsilə, təhsil də elmə töhfə verəcək. Çünki AMEA həqiqi bir tədqiqat mərkəzi olsa, tədqiqatlar apararaq təhsilin inkişafına töhvələr verəcək. Eynilə də təhsil yetişdirdiyi kadrları AMEA-da daha yaxşı şərtlərlə işə götürə biləcək”.
Müsahibimizin dediyinə görə, Elm və Təhsil Nazirliyinin olması bir çox ölkələrdə inkişaf etmiş qabaqcıl təcrübədir: “Azərbaycanda tədbiq oluna bilərsə, prezidentin qeyd etdiyi məqsədlərə də çatılacaq. Əks halda, minimum maaşa sadəcə vaxt keçirmək üçün ora gələn kadrlarla AMEA kimi böyük bir müəssisə öz funksiyasını itirir və funksiyasını yerinə yetirə bilmir”.
Ekspert hesab edir ki, bu islahat AMEA-nın gəncləşməyinə nəticə verəcək, yenilənəcək: “Ona görə, daha yaxşı olacağına ümidliyik. Əgər Elm və Təhsil Nazirliyi həqiqətən də alimlərin, tədqiqatçıların səmərəli fəaliyyətini təşkil edə bilərsə, Azərbaycanda elmi patentləşmə, elmi kommersiallaşma daha da artacaq”.
Aytac Aslan
















