• Bakı 13° C

    14.13 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Amerikanın üzsüzlüyü, zəifliyi, acizliyi... - “Xoruzun quyruğu göründü”

SİYASƏT

24 Aprel 2024 | 11:48

Amerikanın üzsüzlüyü, zəifliyi, acizliyi... - “Xoruzun quyruğu göründü”

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxardıqdan və Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə etdikdən sonra ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur. Ancaq təqdim edilən siyahıda əsasən hərbçilərdir. General Hikmət Mirzəyevin və DTX rəhbəri Əli Nağıyevin adını siyahının başına yazdıqları deyilir:

"İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik, general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?! Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir! Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.

Qeyd edək ki, bu layihə erməni lobbisinin Azərbaycana qarşı 24 aprel öncəsi uğursuz cəhdidir və layihənin Konqresdə dəstəklənmə ehtimalı çox azdır.

Bununla bağlı deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a bildirib ki, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatındakı Azərbaycanla bağlı verilən açıqlama ABŞ-ın aciz və gülünc vəziyyətindən xəbər verir. Onun sözlərinə görə, bu açıqlama bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Qarabağ münaqişəsinin otuz il sürməsində maraqlı imiş:

“Yəni bu münaqişənin həll edilməsində mandata malik bu ölkə işğala məruz qalandan, ədalətdən, beynəlxalq hüquqdan yana deyil, əksinə işğalçının tərəfində, işğalçının müdafiəçisidir. Bu isə dünyaya demokratiya, insan haqları ilə uzun illərdən bəri dərs verən ölkənin ikiüzlüyünü sübut edir”.

Deputat qeyd edib ki, əslində, Azərbaycan dövlətinə və xalqına artıq bəzi beynəlxalq təşkilatların, ABŞ və Fransa kimi dövlətlərin ikili standartlı yanaşması bəllidir. Əfqanıstanda, Yaxın Şərqdə, Suriyada, Liviyada, Qəzada məsum insanlara, uşaq və qadınlara qarşı törədilmiş hərbi cinayətlərdə ABŞ-ın iştirakı gizli və yeni xəbər deyil:

“Bu mənada ABŞ-ın Dövlət Departamenti və Konqresi Azərbaycanın haqlı davasına hansı haqla başqa don geydirə bilər. Bu, tamamilə qəbuledilməzdir və ABŞ-nin bu qurumlarının rüsvayçılığıdır”.

Müsahibimizin sözlərinə görə, hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, məhbuslara qarşı rəftardan, ifadə və media azadlıqları sahəsindəki durumdan bəhs olunur:

“Bu fikirləri yazan ABŞ Dövlət Departamenti buna dair bir kadr və ya fakt göstərsin. Sənəddə vurğulanır ki, guya Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurları cəzalandırmalı imiş. Eyni zamanda, 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib. Birincisi, hesabatı ABŞ rəsmiləri ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycan xalqına hesabat verməlidirlər ki, niyə bu münaqişəni həll etmədilər, əksinə 30m il uzatdılar. Azərbaycanda qanunsuz həbslər, məhbusların elementar hüquqlarının pozulması, onlara qarşı pis rəftardan, hüquq-mühafizə orqanlarında korrupsiya və cəzasızlıqdan yazan Dövlət Departamenti yaxşı olar ki, qulaqlarının dibində olan Meksika ilə sərhəddə, Qvatemala həbsxanasında baş verən cinayətlərdən və ya korrupsiyalaşmış senator Menendesin cinayət əməllərindən yazsınlar. Ümumiyyətlə, bu hesabatda istər Azərbaycan, istərsə də başqa ölkələrlə bağlı şişirdilmiş faktlar çoxdur. Bunu hər kəs bilir, bu hesabatların nəyə görə hazırlanır məlumdur”.

M.İbrahimqızı bildirib ki, hesabatı yazanlar və sifarişçilər hələ də anlamır ki, daha dünya həmin dünya deyil:

“Həqiqətən də, Dövlət Departamentinin hesabatını oxuduqca ABŞ-nin necə aciz və gülünc vəziyyətdə olduğunun şahidi olursan. ABŞ-nin eyni münasibətli və yanaşmalı hesabatları artıq beynəlxalq ictimaiyyətə də məlumdur. Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasət ABŞ-nin dövlət marağanı uyğun deyil. Azərbaycan xalqının və dövlətinin milli maraqlarına uyğun siyasət həyata keçirir. Rüsvayçılıq və qərəzlilik bir də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ölkəmizə qarşı təzyiq və təhdidlərə səbəb olub. ABŞ Konqresinə Azərbaycanın 40-a yaxın rəsmi şəxsiyyətinə sanksiyanın tətbiq olunacağı layihənin təqdim olunması, həqiqətən, gülünc hadisədir. Bu, Amerikanın üzsüzlüyünün, zəifliyinin və acizliyinin göstəricisidir. Nəyə görə sanksiya tələb olunduğu bilinmir, daha doğrusu, bilinir. ABŞ dünyada heç vaxt sülhün tərəfdaşı olmayıb, təhlükəsizliyin və sabitliyin təmin olunması uğrunda deyil, əksinə "parçala və hökm sür" siyasəti ilə xalqları məhvə doğru aparan bir yol seçib. Bir daha qeyd edirəm, son on illiklər ərzində Əfqanıstan, Suriya, İraq və Orta Şərqdə törətdikləri əməllərinə baxsınlar. Məhz belə sanksiyalar paketinin konqresə təqdim edilməsi ABŞ-ın zəifliyinin və gücsüzlüyünün göstəricisidir. Həmçinin, bunu ABŞ-ın Azərbaycana qarşı qərəzli və ermənipərəst mövqeyi kimi qiymətləndirmək olar”.

Məlahət İbrahimqızı: Hesabatı yazanlar və sifarişçilər hələ də anlamırlar ki, daha dünya həmin dünya deyil

Həmsöhbətimiz vurğulayıb ki, ötən 30 il ərzində Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal altında saxlanmasının həlli istiqamətində ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi işğala məruz qalan dövləti dəstəkləməsə də, ən azından işğalçı dövləti dəstəkləmədən neytral mövqe tutmalı idi:

“44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərdən sonra ABŞ siyasətinin əsl mahiyyəti göründü, necə deyərlər, "xoruzun quyruğu göründü". Xankəndi zəfərindən sonra artıq bütün maskalar düşdü. Necə olur ki, ABŞ öz sərhədlərindən minlərlə km məsafədə terrorizmə qarşı mübarizə aparır. Daha doğrusu, qaranlıqda qara pişik axtarır, amma Azərbaycan öz ərazisində antiterror əməliyyatı apara bilmir. Artıq Azərbayacn ictimaiyyəti bu ikili standartları çox yaxşı anlayır. Sanksiya tətbiq olunması nəzərdə tutulan siyahıda Azərbaycanın elə bir rəsmi dövlət adamlarının, çox nüfuzlu şəxslərinin adı keçir ki, Azərbaycan xalqında, ictimaiyyətində ABŞ-a və ABŞ rəsmilərinə qarşı ciddi qəzəb doğurur. Yəni, Azərbaycan dövlətçiliyi, ərazi bütövlüyü və suverenliyinin uğrunda gecəsini gündüzünə qataraq bildiyimiz və bilmədiyimiz xidmətləri ilə böyük fədakarlıqlar göstərən Hikmət Mirzəyev, Əli Nağıyev kimi qəhrəman oğullarımızın bu siyahıda olması kəskin qəzəbə səbəb olur”.

Deputatın sözlərinə görə, bu qəhrəmanlar təkcə Azərbaycanın deyil, həm də Türk və İslam dünyasının qürur duyduğu qəhrəmanlardır:

“Çünki onlar "Vətəni sevmək imandandır" prinsipi ilə torpaqlarımızın işğaldan azad olunmasında, dövlətçiliyimizin qorunmasında, suverenliyimizin bərpa olunmasında prinsipial və amansız mövqe tutaraq Azərbaycana kəm baxan gözlərə lazımınca cavab veriblər. Bu, bir daha göstərir ki, ABŞ bölgədə nə sülh və barış, nə təhlükəsizlik və stabillik, nə də inkişaf istəyir. Cənubi Qafqaz kiçik bir bölgədir. Azərbaycanla Ermənistan öz aralarında çox gözəl dil tapıb, münasibətlərin tənzimlənməsində xoşməramlar göstərirlər. Son günlərdə danışıqlarla Qazaxın 4 kəndinin işğaldan azad olunması buna böyük bir nümunə və sübutdur. Qeyd etmək istəyirəm ki, Nyutonun "təsir əks-təsirə bərabərdir" qanununda olduğu kimi ABŞ-ın Azərbaycana qarşı olan bu mövqeyinə Azərbaycan xalqı tərəfindən eyni cürə adekvat münasibət göstəriləcək.

Bir daha ABŞ konqresinin Azərbaycana qarşı göstərdiyi bu qərəzli mövqeyini pisləyirəm”.

Aytac Aslan


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024