Son zamanlar apteklərdə dərman qıtlığı yaşanır. Bu məsələ zaman-zaman Milli Məclisdə də qaldırılıb. Bəzən ən adı dərman belə qəhətə çəkilir.
Bakıvaxtı.az-a bununla bağlı müraciət edənlər son günlər “Sink məlhəmi”nin (“Tsinkovaya maz”) də tapılmadığını iddia edirlər. Deyilənlərlə bağlı bir neçə aptekə baş çəkdik. Əczaçılar da son günlər “Sink məhlulu”nun gətirilmədiyini söylədilər. Adıçəkilən məhlulun olmamasına gəlincə, apteklərdən bildirildi ki, “Sink məhlulu”, ümumiyyətlə, depolarda yoxdu.
Analitik Ekspertiza Mərkəzinin (AEM) İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli isə Bakıvaxtı.az-a bildirib ki, AEM-in səlahiyyətinə ölkəyə rəsmi yolla idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, tərkibinin laborator analizi və idxal icazəsinin verilməsi daxildir:
“Qeyd etdiyiniz Belarus istehsalı olan “Sink məlhəmi”nin (“Tsinkovaya maz”) sonuncu dəfə 2022-ci ilin oktyabr və noyabr aylarında idxalına icazə verilib. O zaman ölkəyə ümumilikdə 13 515 qutu “Sink məlhəmi” (“Tsinkovaya maz”) idxal edilib”.
Apteklərdə olmaması səbəblərinə gəlincə, M.Məcidli qeyd edib ki, ölkəyə dərman idxalı ilə özəl şirkətlər məşğul olur:
“Sualı onlara ünvanlasanız, daha dəqiq cavab ala bilərsiniz”.
Xəyalə Rza
















