• Bakı 26° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Azərbaycan UNECE-nin Komitə Bürosunun rəhbər heyətinə seçildi

İQTİSADİYYAT

01 Iyul 2026 | 10:22

Azərbaycan UNECE-nin Komitə Bürosunun rəhbər heyətinə seçildi

Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin (CICPPP) 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq ölkəmizin dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq standartların hazırlanması prosesində iştirakına imkan yaradır. Eyni zamanda, ölkəmizin beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlığının genişlənməsinə, qabaqcıl metodologiyalar və uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə, eləcə də dövlət-özəl tərəfdaşlığı üzrə milli institusional və hüquqi çərçivənin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə verəcək. Eləcə də, Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsindəki fəaliyyətinin  beynəlxalq platformada təbliği üçün imkan yaranır ki, bu da xarici investorlar və inkişaf tərəfdaşları ilə yeni layihələrin reallaşdırılmasını stimullaşdırır.

Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyası iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların, tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu regional təşkilatlardan biridir.

İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitə UNECE-nin İqtisadi Əməkdaşlıq və İnteqrasiya alt proqramı çərçivəsində fəaliyyət göstərir və dövlət-özəl tərəfdaşlığı, innovasiya siyasəti, rəqabətlilik və dayanıqlı iqtisadi inkişaf istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Qurum dövlət-özəl tərəfdaşlığı üzrə beynəlxalq standartların, model qanunların və metodoloji sənədlərin hazırlanmasına rəhbərlik edən əsas platformalardan hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026