Son günlər beynəlxalq medianın gündəmində yer alan məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşə hazırlaşır.
Bakıvaxtı.az bildirir ki,Britaniyada fəaliyyət göstərən “Middle East Eye” portalının yaydığı xəbərə əsasən, tərəflər bu görüşdə yekun sülh sazişi deyil, “niyyət məktubu” imzalamağı planlaşdırırlar. Sənədin məqsədi sülh danışıqlarını davam etdirmək niyyətini rəsmi şəkildə ifadə etmək olsa da, onun hüquqi statusu barədə müzakirələr başlayıb.
Belə olan halda, imzalanması planlaşdırılan “niyyət məktubu” beynəlxalq hüquq baxımından nə ifadə edir? Bu sənəd tərəflər üçün hansı hüquqi öhdəlikləri yaradır və gələcəkdə bağlanacaq sülh sazişi prosesinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda “niyyət məktubu” imzalamağa hazırlaşması beynəlxalq hüquqi müstəvidə geniş müzakirələrə səbəb olub. Hüquqşünasların fikrincə, bu sənəd diplomatik prosesin mühüm mərhələsi sayılsa da, hüquqi baxımdan yekun sülh sazişi statusu daşımır.
Onun sözlərinə görə, “niyyət məktubu” adətən tərəflərin müəyyən mövzularda danışıqları davam etdirmək, əməkdaşlığı genişləndirmək və ortaq məqsədlərə doğru irəliləmək niyyətini qeydə alan siyasi sənəddir. Belə sənədlər beynəlxalq müqavilələr kimi hüquqi öhdəlik yaratmır və onların pozulması tərəflər üçün hüquqi məsuliyyət doğurmur:
"Bu sənəd gələcəkdə imzalanacaq sülh müqaviləsinə aparan mərhələlərin əsasını təşkil edə bilər. Lakin bu halda da, yekun sülh sazişi yalnız hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən imzalanıb ratifikasiya edildikdən sonra hüquqi qüvvə qazanır. Azərbaycanın Konstitusiyasına əsasən, beynəlxalq müqavilələrin təsdiqi Milli Məclisin səlahiyyətinə daxildir və bu prosedurlar keçmədən hər hansı sənəd ölkə üçün hüquqi öhdəlik yaratmır".
Ayxan Məmmədli: Bu kimi sənədlər siyasi niyyətin ifadəsi baxımından önəmlidir
Hüquqşünas onu da əlavə edib ki, bununla yanaşı, bu kimi sənədlər siyasi niyyətin ifadəsi baxımından önəmlidir. Əgər tərəflər bu niyyət məktubunu əsas tutaraq danışıqları davam etdirərlərsə, bu, gələcək sülh müqaviləsinin daha sistemli və koordinasiyalı şəkildə hazırlanmasına zəmin yarada bilər:
"Eyni zamanda, Vaşinqtonda baş tutacaq belə bir təşəbbüs ABŞ-nin regionda əsas vasitəçi olmağa çalışdığı yeni diplomatik mərhələnin göstəricisi sayılır. Ermənistanın Moskva ilə münasibətlərdə məsafə saxlaması və Qərbə meyllənməsi fonunda bu sənədin geosiyasi nəticələri də hüquqi dəyərləndirmə ilə yanaşı, strateji baxımdan təhlil olunmalıdır".
Ayxan Məmmədli diqqətə çatdırıb ki, “niyyət məktubu” sülh yolunda ilkin addım hesab edilsə də, onun hüquqi baxımdan məcburilik xarakteri yoxdur və tərəflər üçün hüquqi öhdəlik yaratmır. Bununla belə, belə sənədlər gələcəkdə bağlanacaq sazişin strukturunu formalaşdırmaq baxımından əhəmiyyətli rol oynaya bilər.
Əli Hüseynov