• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Azərbaycanda plastik cərrahi əməliyyatlar bahalaşıb? - AÇIQLAMA

CƏMİYYƏT

13 Mart 2025 | 14:38

Azərbaycanda plastik cərrahi əməliyyatlar bahalaşıb? - AÇIQLAMA

Son aylarda plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı aparılan yoxlamalar sektorda ciddi dəyişikliklərə səbəb olub. Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində bir neçə cərrahın sertifikasiyası ləğv edilib. Hazırda araşdırmalar davam edir.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, mütəxəssislərin sayının azalması və bəzi klinikaların fəaliyyətini dayandırması plastik və estetik xidmətlərin qiymətlərinin artmasına gətirib çıxarıb.

Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu sahədə çalışan həkimlər xidmət haqlarını yüksəldiblər. Onların əsas arqumenti sektorda daha az mütəxəssisin qalması və keyfiyyətli xidmət göstərənlərin seçilməsidir. 

Hazırda plastik cərrahların bir çoxu bu mövzu ilə bağlı rəsmi açıqlama verməkdən çəkinir. Bununla belə, prosesin nəticələri və sektordakı dəyişikliklər yaxın günlərdə daha dəqiq məlum olacaq.

 Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli bildirib ki, hələlik bahalaşma müşahidə olunmur: “Çünki hazırda əməliyyatlar da azalıb. İnsanlar Səhiyyə Nazirliyinin keçirdiyi yoxlamalar səbəbilə əməliyyat olmaqdan ehtiyat edirlər. Qiymət artımı olması ilə bağlı ortaya atılan şayiələr həqiqəti əks etdirmir”.

Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. 31 yanvaradək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib.


SON XƏBƏRLƏR