“Kommunal xidmətlər göstərən dövlət müəssisələrinin zərərlə işləməsi müxtəlif səbəblərdən qaynaqlanır.
İlk növbədə onun idarəedicilərinin “lüks həyatı”ndan, dövlət vəsaitlərindən, investisiya layihələrindən verilmiş vəsaitlərin mənimsənilməsindən, satınalmaların kağız üzərində aparılmasından və “Dövlət satınalmaları haqqında” qanunu pozaraq öz yaxın qohumlarına, öz şirkətlərinə həmin tenderləri verərək maya dəyərinin şişirdilməsindən qaynaqlanır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-alim Nazim Baydəmirli bildirib.
Alim qeyd edib ki, dövlət investisiyalarının çox olmasına rəğmən xarici maliyyə inistitutlarından borc alınması və həmin şirkətlərin normal idarə edilməməsi haqqında dövlət başçısı da iradlarını bildirib: “Bundan sonra müşahidə şuraları yaradılıb. Dövlət şirkətlərinin birbaşa özəlləşdirilməsi yolverilməzdir.
Vətəndaşlar haqlı olaraq soruşurlar ki, Azərbaycanda bu qədər karbohidrogen ehtiyatları ola-ola niyə enerji daşıyıcılarının qiyməti artır? Rusiyalı, qazaxıstanlı, avropalı, amerikalı orta aylıq əmək haqqı ilə Azərbaycan vətəndaşından ən azı 4 dəfə artıq benzin ala bilir. Onların elektrik enerjisinə və digər kommunal xidmətlərə aylıq gəlirinin təqribən 10-15 faizi gedir. Ancaq Azərbaycan vətəndaşlarının kommunal xidmətlərə ödədiyi məbləğ onun gəlirlərinin ən azı əlli faizindən yuxarıdır. Bu astronomik rəqəmlərdir.
Əhalinin gəlilərinin çoxunu gündəlik istehlak mallarına və digərlərinə xərclməsinə görə, bir neçə il bundan qabaq BMT-nin müvafiq qurumları Azərbaycanı da Afrika ölkələri ilə eyni tuturdu. Gəlirlərimizin ən azı 70 faizini qida məhsullarına xərcləyiriksə, təxminən 30 faizini kommunal xidmətlərə xərcləyiriksə, vətəndaşın dolanmağına heç bir şey qalmır. Onun hər hansı bir xidmətdən özünün inkişafı üçün xərcləməyə pulu olmur. Odur ki, bu hallar Azərbaycanı yoxsul ölkələr sırasına aparır.
Rəsmi məlumata görə, Azərbaycanda yoxsulluq beş faizdən aşağı göstərilir. İşsizlik 6,4 faiz göstərilir. Dövlət müəssisələrinin zərərlə işləməsinin səbəbi rüşvətxorluqdur, korrupsiya və mənimsəmələrdir. Yəni idarəedicilərin idarəetmə xərclərini artırması, həm də xidmətlərin maya dəyərini şişirtməsidir.
Qiymət artımının qarşısını almaq üçün dövlət müəssisələri xərcləri azatmalı, xərcləri optimallaşdırmalıdır.
Çox təəssüf edirəm ki, Müşahidə Şurası bu yolu deyil, daha asan yolu seçir və tariflərin artırılması yolu ilə gedir.
Dövlət müəssisələri vətəndaşın qazını, işığını və suyunu kəsməklə məcbur edir ki, baha qiymətə kommunal xidmətlərdən istifadə etsin”.
N.Baydəmirli bildirib ki, kommunal xidmətlərdə baş verən qiymət artımı iqtisadiyyatın digər sahələrinə də təsir göstərəcək, qiymətlər bahalaşacaq: “Bu isə əhalinin sosial vəziyyətini ağırlaşdıracaq. Kasıblar daha da kasıblayacaq.
Qohumluq əlaqələri və yerliçilik vasitəsiylə müxtəlif dövlət qurumlarında rəhbər vəzifədə çalışanlar və onların qohum-əqrəbaları və dövlət resurslarını şəxsi resursları kimi istifadə edən şəxslər varlanmaqda davam edəcək. Burada sosial bərabərsizlik daha da yüksələcək və hesab edirəm ki, bu iqtisadi fəaliyyətin məhdud olduğu bir yerdə, inhisarçılığı olduğu bir yerdə iqtisadi fəaliyyətə də mənfi təsir göstərəcək”.
Ramid İbrahimov
















