Azərbaycanın beynəlxalq siyasətində yeni mərhələ formalaşır. Regionda və dünyada baş verən geosiyasi dəyişikliklər fonunda ölkəmiz həm çoxtərəfli platformalarda, həm də ikitərəfli münasibətlərdə fəallığını artıraraq, strateji tərəfdaşlıqlarını daha da dərinləşdirir.
Bu kontekstdə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə qurduğu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. İqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrini əhatə edən bu əməkdaşlıq formatı Azərbaycanın həm regional lider, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Xüsusilə Tiencin Bəyannaməsinin qəbul olunması, Azərbaycanın müdafiə etdiyi beynəlxalq hüquqa əsaslanan prinsiplərin bir daha təsdiqlənməsi ilə yanaşı, ölkəmizin regional əməkdaşlıq platformalarındakı rolunu da ön plana çıxarır. Bu sənəd Azərbaycanın strateji layihələrini dəstəkləmək, iqtisadi və nəqliyyat-logistika imkanlarını genişləndirmək üçün yeni perspektivlər açır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə fəal və dinamik əməkdaşlıq formatı quraraq, bu münasibətləri qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq əsasında inkişaf etdirir. Bu əməkdaşlıq çərçivəsində ölkəmiz təkcə regional deyil, qlobal səviyyədə də sülhə, sabitliyə və davamlı inkişafa töhfə verməyə çalışır. İclasda qəbul edilən strateji sənədlər paketi, xüsusilə də Tiencin Bəyannaməsi, artan geosiyasi qeyri-sabitlik fonunda beynəlxalq münasibətlər üçün yeni və ədalətli qaydaların formalaşmasına xidmət edir:
"Tiencin Bəyannaməsinin əsas müddəaları dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq və gücdən istifadə etməmək prinsiplərinə əsaslanır. Bu prinsiplər Azərbaycanın xarici siyasət kursu ilə tam uzlaşır. Xüsusilə dövlətlərin daxili işlərinə qarışmamaq mövqeyi Rəsmi Bakının beynəlxalq münasibətlərdə daim müdafiə etdiyi əsas prinsiplərdən biridir. Azərbaycan bu yanaşmanı həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə tətbiq edir. Eyni zamanda, güc tətbiqindən çəkinmək prinsipi də ölkəmizin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan hərbi gücdən yalnız beynəlxalq hüquqa uyğun olaraq suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə istifadə etdiyini dəfələrlə bəyan edib. Bu baxımdan, ŞƏT-in qəbul etdiyi sənədlərdə Azərbaycanın mövqeyi ilə paralelliklər açıq şəkildə nəzərə çarpır".
Onun sözlərinə görə, Tiencin Bəyannaməsində nəqliyyat, enerji və iqtisadi əməkdaşlıqla bağlı müddəalar ölkəmiz üçün yeni imkanlar açır. Xüsusilə Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin inkişafı Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini daha da artıracaq. ŞƏT İnkişaf Bankının yaradılması isə Azərbaycanın iri infrastruktur layihələrinə yeni maliyyə imkanları təqdim edə bilər. Bu bank vasitəsilə nəqliyyat-logistika, enerji, kommunikasiya və rəqəmsal infrastruktur sahələrində həyata keçirilən layihələr üçün güzəştli kreditlər və texniki dəstək əldə etmək mümkündür. Transxəzər dəhlizi üzrə logistika və gömrük sistemlərinin rəqəmsallaşdırılması, yükdaşıma prosedurlarının sadələşdirilməsi, tranzit müddətlərinin azaldılması və təhlükəsizliyin gücləndirilməsi kimi addımlar regionun iqtisadi inteqrasiyasına xidmət edə bilər:
Azər Allahverənov: Tiencin Bəyannaməsində nəqliyyat, enerji və iqtisadi əməkdaşlıqla bağlı müddəalar ölkəmiz üçün yeni imkanlar açır
"Azərbaycanın regional və qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsi baxımından “Bir kəmər, bir yol” təşəbbüsü və Transxəzər marşrutu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ilə unikal imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və digər infrastruktur layihələri ölkəmizi bölgənin əsas yükdaşıma mərkəzinə çevirir. Bu proses qeyri-neft sektorunun, xüsusilə logistika və xidmət sahələrinin inkişafına mühüm təkan verir və Azərbaycanın geosiyasi çəkisini artırır. Ölkəmiz artıq yalnız enerji ixracatçısı deyil, həm də regionları birləşdirən strateji ticarət körpüsü kimi tanınır".
Müsahibimizin fikrincə, ŞƏT Sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh gündəliyinə yeni dinamika gətirdi. Bu dialoq Azərbaycanın post-münaqişə dövründə irəli sürdüyü realist və beynəlxalq hüquqa əsaslanan mövqeyin davamlı olduğunu göstərdi. Görüş, eyni zamanda, beynəlxalq vasitəçilər olmadan iki ölkənin birbaşa təmaslar quraraq danışıqlar aparması baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın qalib tərəf kimi dialoqa açıq mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və ölkəmizin sülhə sadiqliyini nümayiş etdirir. Bu proses regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və etimad mühitinin yaradılması üçün yeni imkanlar açır:
"Sammit çərçivəsində Azərbaycan-Pakistan münasibətlərinə dair verilən mesajlar da xüsusi önəm daşıyır. Qardaşlıq və etimad üzərində qurulan strateji əməkdaşlıq Cənubi Qafqazdan Cənubi Asiyaya uzanan yeni geosiyasi xətt formalaşdırır. Pakistanın Azərbaycanın ədalətli mövqeyinə hər zaman dəstəyi və Azərbaycanın da İslamabadı müxtəlif beynəlxalq məsələlərdə müdafiə etməsi bu münasibətlərin dərinliyini göstərir. Bu strateji yaxınlıq beynəlxalq təşkilatlarda birgə mövqe sərgiləməyə və regionda balanslaşdırılmış güc münasibətlərinin formalaşmasına xidmət edir".
Əli Hüseynov