“İzmirin ən böyük regional teatrlarından birində həm aktyor kimi çalışıram, həm də Azərbaycanın diasporu ilə geniş fəaliyyət göstəririk”.
Bakıvaxtı.az xəbər verir ki. bunu Türkiyədə yaşayan azərbaycanlı aktrisa Roza İbadova Kocamaz “Şou MTV”yə müsahibəsində deyib.
Aktrisa yaşadığı ölkədə filmə çəkiləcəyini desə də, layihə haqqında geniş danışmayıb:
“Onu deyə bilərəm ki, film Azərbaycandan Türkiyəyə gedib həyatını quran bir xanımın hekayəsindən bəhs edir. Elə mən özüm də 2015-ci ildə Türkiyəyə gedərək həyatımı yenidən sıfırdan qurdum”.
R.İbadova-Kocamaz 2015-ci ilədək Azərbaycanda müxtəlif teatrlarda çalışdığını, televiziya sahəsində fəaliyyət göstərdiyini xatırladıb. Dediyinə görə, bir çox layihələrin iştirakçısı olub:
“Yəni, demək olar ki, həyatımın qısametrajlı bir filmi artıq çəkilmişdi”.
“ ktrisalıq, yoxsa rejissorluq” sualına cavab verən İbadova qeyd edib ki, hər ikisinin özünəməxsus məsuliyyəti var:
“Amma İzmirdə yaşadığım 11 il ərzində, xüsusilə bəzi tədbirlərdə məcburən rejissorluq etdiyim anlarda gördüm ki, rejissorluq həqiqətən daha çətindir”.
Bəs Türkiyədə, yoxsa doğma vətəndə çalışmaq daha əlverişlidir?
- Mən 18 yaşımdan Azərbaycanın professional teatr səhnəsində idim. 2015-ci ildə Türkiyəyə gedəndə artıq 25 yaşım var idi. Yəni, Azərbaycanda həm teatr səhnəsində, həm də film sektorunda etmək istədiyim bir çox şeyi etmişdim. Amma Türkiyəyə gedəndə sanki yenidən doğulmuş bir körpə kimi hər şeyə sıfırdan başlayırsan. Bu isə çox çətindir. Türkiyə böyük rəqabətin olduğu bir ölkədir və sənət sahəsinə daxil olmaq ciddi zəhmət tələb edir. Orada öz yerini tapmaq və bu yolda davam etmək böyük məsuliyyətdir.
“Maraqlıdır, Roza İbadova uzun illər sonra yenidən Azərbaycanda aparıcılıq və aktyorluq fəaliyyəti ilə məşğul olmağı düşünürmü” sualına isə aktrisanın cavabı belə olub:
“Mən xaraktercə gələcəyə doğru addımlamağı sevən insanam. Getdiyim yolu təkrar geri dönərək yaşamaq istəmirəm. Çünki o yolda yaşanmalı olanları artıq yaşamışam”.
Aynur Babazadə
Bakı 




