• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Bakıda 200 min mənzil inşa ediləcək - BU TARİXDƏ

CƏMİYYƏT

13 Mart 2026 | 11:07

Bakıda 200 min mənzil inşa ediləcək - BU TARİXDƏ

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb. Hesabatda Bakı şəhərinin gələcək inkişafı və mənzil tikintisi ilə bağlı planlar xüsusi vurğulanıb.

Bakıvaxtı.az xəbər verir ki, hesabata görə, Nazirlər Kabineti 2023-cü ilin 30 dekabr tarixində 504 nömrəli qərarla “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləyib. Baş plana əsasən, şəhər əhalisinin mənzil təminatı məqsədilə adambaşına düşən yaşayış sahəsinin 20,8 kvadrat metrdən 25 kvadrat metrə çatdırılması nəzərdə tutulur. Əhali proqnozları və şəhərsalma hesablamaları göstərir ki, 2040-cı ilədək Bakıda əlavə olaraq təqribən 142,8 min mənzilə tələbat yaranacaq.

Bu mənzil tələbatını qarşılamaq üçün Bakı şəhərində 9 min hektar ərazi mənzil tikintisinə ayrılacaq ki, bu da 2040-cı ilə qədər 200 min yeni mənzilin inşasına imkan verəcək. Planlaşdırmaya əsasən, 2027-ci ilə qədər 49,97 min, 2040-cı ilədək isə 92,85 min mənzilə olan tələbat ödəniləcək.

Ötən illərin göstəricilərinə baxsaq, 2023-cü ildə şəhərdə 6 443 mənzil (ümumi sahəsi 481,6 min kvadrat metr), 2024-cü ildə 11 min mənzil (933,6 min kvadrat metr), 2025-ci ildə isə 9 711 mənzil (870,8 min kvadrat metr) istifadəyə verilib. Mənzillərin tikintisi və istismara verilməsi müvafiq şəhərsalma sənədləri və layihələr əsasında həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planına uyğun olaraq mənzil layihələrini qiymətləndirir, ərazi planlaşdırma sənədlərini təsdiqləyir və bu sənədlərə uyğun tikinti icazələri verir. Hesabata əsasən, təsdiq olunmuş mənzil layihələrinin ümumi sahəsi 2023-cü ildə 1 745,47 min kvadrat metr, 2024-cü ildə 1 632,37 min kvadrat metr, 2025-ci ildə isə 1 760,99 min kvadrat metr təşkil edib. Bu göstəricilər şəhərin mənzil fondunun genişləndirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində atılan konkret addımların bariz nümunəsidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Mart 2026