BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasının açılış mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına müraciətini səsləndirib.
Müraciətdən sonra UNODC-nin Korrupsiya və İqtisadi cinayətkarlıqla mübarizə İdarəsinin rəisi Bricit Strobel-Şou çıxış edib.
O, çıxışında korrupsiyanın sərhəd tanımadığını və buna qarşı birlikdə mübarizənin vacibliyinə toxunub.
Baş Prokuror Kamran Əliyev öz çıxışında Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparıldığını diqqətə çatdırıb: “Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir”.
Plenar İcıasda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva vurğulayıb ki, Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Konvensiyasında aktiv iştirak edir və onun bütün mexanizmlərində təmsil olunur: “Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ümid edirəm ki, GLOBE şəbəkəsinin fəal üzvü kimi Azərbaycan bundan sonra da korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və vəsaitlərin qaytarılmasında fəal iştirak edəcək”.
Daha sonra GlobE Network rəhbər komitəsinin sədri Nasser Abaalkhalil Şəbəkənin işi ilə bağlı məlumat verib, üzv olmayan ölkələri Şəbəkəyə qoşulmağa çağırıb.
Çıxışlardan sonra Plenar İclasın gündəliyi qəbul edilib.
***
09:30
Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – "GlobE Network" çərçivəsində altıncı plenar iclas keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.
Panellərdə, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.