“2021-ci il ərzində kirayə mənzil bazarında qiymətlər kifayət qədər artıb”.
Bu barədə Bakıvaxtı.az-a 2022-ci ildə kirayə evlərin qiymətinin daha da bahalaşacağı barədə deyilənlərə münasibət bildiriən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahibov deyib.
Onun sözlərinə görə, hazırda bazarda orta kirayə qiyməti 774 manat/mənzil təşkil edir. 2022-ci ildə qiymətlərin artımını indidən proqnozlaşdırmaq çətindir: “Çünki, kirayə qiymətlərinin artımı kommunal, ərzaq məhsullarının qiyməti qrtanda, yaxud yaşayış özü bahalaşanda baş verir. Onu isə indidən hesablamaq bir qədər çətindir. Yalnız ehtimal etmək olar ki, qiymətlər ən azı inflyasiya səviyyəsində arta bilər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakıvaxtı.az-a dediyinə görə, artıq xeyli vaxtdır ki, Bakıda kirayə mənzillərlə bağlı sıxıntılar yaşanır: “Söhbət ucuz və ya orta qiyməti olan kirayə mənzillərdən gedir. Sentyabr ayında tələbələrin rayondan geri dönməsi ilə əlaqədar bu problemləri bir daha yaşadıq. Görünən odur ki, 2016-cı ildən başlayaraq Bakıda pilot layihələr üzərindən istismar müddətini bitirmiş köhnə yaşayış binalarını sökdülər. Bu proses hələ çox uzun illər gedəcək. Çünki baş plan ondan ibarətdir ki, həmin istismar müddətini bitirmiş binalar sökülsün və onları yeni tikiləcək binalar əvəzləsin. Demək olar, hər beşmərtəbəli binada azı 3-5 dənə kirayə mənzillər olurdu. Hər bina söküldükcə həm kirayə mənzillər bazardan çıxmış olur, həm də orada yaşayan sakinlərin özləri də sökülən evlərinin yerinə yeni mənzil verilənə qədər iki il müddətində kirayə evə çıxmış olurlar”.
Ekspert onu da vurğulayıb ki, hər bina söküləndə, təxminən, 50-60 ailə bazardakı kirayə mənzilləri kirayələyir: “Bu zaman nə baş verir?! Bu gün orta qiymətlərə baxsaq, Bakıda köhnə binanın birotaqlı mənzil qiyməti 300 manatdır. Lakin yeni tikili binalarda birotaqlı mənzillərin kirayə qiyməti ortalama 500, ikiotaqlılar 600-650, üçotaqlılar isə 700 manatdan 2-3 min manata qədər dəyişir. Şəraitinə və yerinə görə qiymət artımı hər yerdə olur. Yəni bu, onu deməyə əsas verir ki, Bakı şəhərindəki köhnə binalar söküldükcə, şəhər boşaldıqca, yeni binalar tikildikcə ucuz mənzillər tapmaq çox çətin olacaq”.
Onun sözlərinə görə, kirayə evlərə təlabatın çox olmasının səbəbi regionlardan gələn tələbələrdir: “Digər tərəfdən, şəhərin mərkəz hissələrinə yaxın köhnə həyət evləri var idi. Burda da kirayə evlərin qiyməti təxminən 100-150 manat aralığlnda dəyişirdi. Onlar da artıq sökülür, bəzən yerlərində, ümumiyyətlə, heç nə tikilmir. Bu da birbaşa qiymət artımına gətirib çıxarır”. E.Fərzəliyev hesab edir ki, təxminən, yaxın 5-6 il ərzində bu proses nə qədər surətlə getsə, paytaxtdakı ucuz kirayəlik mənzillərin sayı məhdud sayda olacaq: “Kirayə mənzillərə bu qədər təlabatın olması ali təhsil müəssisələrinin çoxunun Bakıda yerləşməsi, tələbə yataqxanalarının məhdud sayda olması ilə bağlıdır. Bakı şəhərində təhsil almaq üçün bölgələrdən gələn minlərlə tələbə var. Bu da minlərlə mənzilin kirayələnməsi deməkdir. Yəni tələbələr üçün yeni yataqxanalar tikilsə, həm tələbələr üçün rahat olar, həm də kirayə bazarında ucuz evlərin sayını
Aytac Aslan
















