Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədovun ölüm səbəbi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 21.08.2026-cı il tarixində saat 14:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (kişi) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.08.2026-cı il tarixində saat 16:00 radələrində onun bioloji ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.




