Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfəri çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçirilən "Napoli" – "Qarabağ" matçına stadiondan baxıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial media hesabında paylaşılıb.
Paylaşımda qeyd olunub ki, bu an Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli komandamızın beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən qürurverici bir hadisə olub.
Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək "Qarabağ"ın ölkəmizi Avropada layiqincə təmsil etdiyini vurğulayıb.
"Oyundan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə komandamızın futbolçularını təbrik etdik və Avropanın ən güclü klublarından biri olan "Napoli" qarşısında nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkürümüzü bildirdik. Onlara növbəti oyunlarda uğurlar arzuladım", – nazir bildirib.
Qeyd edək ki, "Napoli" – "Qarabağ" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı 



