"Bu gün Azərbaycan cəmiyyətində bir qisim insan nə qədər qəribə olsa da, Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətində imiş kimi davranır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Millət vəkili bildirib ki, bu məsələdə qərar vermək Türkiyənin öz səlahiyyətindədir və rəsmi Ankara problemin həlli üçün kifayət qədər gücə, türk xalqı isə yetkin iradəyə malikdir. Bu baxımdan, kənar müdaxilə, məsləhət və tövsiyələrə ehtiyac duyulmur.
"Bu mənada, Azərbaycandan, öz ölkəsində zərrə qədər nüfuzu olmayan "siyasi luzer"lərin Türkiyədə yaşananlara Azərbaycan siyasi kəsimi adına müdaxilə xarakterli çıxışlar etməsi sadəcə gülüş doğurur”.
B.Məhərrəmov vurğulayıb ki, bu şəxslər bir zamanlar profillərini Ukrayna bayraqları ilə bəzəyir, çıxışlarını "Slava Ukrayna" sözləri ilə başlayıb-bitirirdilər, amma Trampın hakimiyyətə gəlməsi və ABŞ-nin bu məsələdə mövqeyini dəyişməsi, nəticədə bu təbliğata axan maliyyə kranını bağlaması ilə adıçəkilən dairələrin Ukrayna sevgisi də başa çatdı.
“Anti-milli düşüncəyə sahib olanlar baş verən hadisələri 'türk baharı' kimi görməyə ümid edirlər. Lakin onlar hələ də anlamırlar ki, türkün baharı idxal olunmuş inqilablarla bağlı deyil. Prezident İlham Əliyev artıq Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi ilə bu baharın əsasını qoyub. Türkün baharı – Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi, Qərbi Azərbaycana qayıdışdır".
Mina Mikayılova