• Bakı 14° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Blinken İlham Əliyevə zəng etdi - YENİLƏNİB

SİYASƏT

28 Noyabr 2023 | 10:54

Blinken İlham Əliyevə zəng etdi - YENİLƏNİB

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

    Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

    Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.

    Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

    Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

    Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

    Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.

     

    09:17

    Noyabrın 27-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb. 

    Bakıvaxtı.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlayıb. 

    Məlumata görə, telefon danışığı zamanı dövlət katibi Entoni Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülh sazişinin əldə edilməsi səylərinə dəstəyini müzakirə edib. O, Azərbaycan liderinin Ermənistanla uzunmüddətli və layiqli sülh sazişi bağlamaq öhdəliyini alqışlayıb: "Dövlət katibi bu uzunmüddətli münaqişənin həm azərbaycanlılara, həm də ermənilərə gətirdiyi bütün iztirabları etiraf edir və sülhün regionda hər kəsə gətirəcəyi faydaları vurğulayır. Dövlət katibi Azərbaycanla möhkəm münasibətlərini müzakirə edib, münasibətlərdə son dövrlərin narahatedici müddəalarını diqqətə çatdırıb, həmçinin əməkdaşlığın, xüsusən də sülh prosesi ətrafında gücləndirilməsi imkanlarından və yüksək səviyyəli əməkdaşlığın vacibliyindən danışıb". 

    Həmçinin Blinken Ermənistanın baş naziri Nikol Paşinyana da zəng edib. 

    "Dövlət katibi ABŞ-nin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini vurğulayıb", - deyə bəyanatda bildirilib. 


    SON XƏBƏRLƏR

    13 Oktyabr 2024
    12 Oktyabr 2024