Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru dövlət çevrilişinə cəhd ittihamı ilə məhkəməyə çıxarılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Müvafiq qərarı ölkənin Ali Məhkəməsi qəbul edib. 26 mart tarixli iclasda hakimlər prokurorluq tərəfindən irəli sürülmüş ittihamların cinayət prosesinin başlanması üçün yetərli olub-olmadığını müzakirə edib və yekdilliklə müsbət cavaba gəliblər.
Bolsonaro ilə birlikdə ittiham aktında onun əlbir olduğu hesab edilən 30-dan çox şəxs də müttəhimlər sırasındadır.
Bolsonaru 2022-ci ilin oktyabrında seçkilərdə məğlub olmuşdu. Yeni prezident Lula da Silvanın andiçmə mərasimindən bir həftə sonra Bolsonarunun tərəfdarları iğtişaşlar törədərək parlament və Ali Məhkəmə binalarına, həmçinin prezident sarayına soxulmuşdular. Yüzlərlə insan saxlanılmışdı.
Polisin versiyasına görə, Bolsonaru çevriliş cəhdinin planlaşdırılması və təşkilində aparıcı rol oynayıb. Keçmiş prezidentin özü isə ittihamları rədd edir və təqibini siyasi adlandırır.
2023-cü ilin iyununda məhkəmə keçmiş prezidentə səkkiz il müddətinə seçkili vəzifələrə namizədliyini irəli sürmək hüququnu qadağan edib.