Böyük Britaniyanın Nyukasl şəhərinin küçələrinin birində yerdə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənədlər tapılıb.
Bakıvaxtı.az “Report”a istinadla xəbər verir ki, bu barədə BBC yayım korporasiyası məlumat yayıb.
Qeyd olunub ki, sənədlər zibil torbasının yanında olub. Böyük Britaniya Müdafiə Nazirliyi martın 16-da baş verən insidentin “təcili olaraq” araşdırıldığını bildirib. Nazirlik aşkar edilmiş sənədlərin idarənin nümayəndələrinə təqdim edildiyini təsdiqləsə də, əlavə açıqlama verməyib.
Sənədlərdə Britaniya hərbçilərinin adları, şəxsiyyət vəsiqələri və əlaqə məlumatları, silahların verilməsi və vəzifə tapşırıqları olub. Bəzi sənədlər “məxfi” olaraq qeyd olunub.
Hökumətin təsnifatına görə, bu cür məlumatlar düşmən şəxslərin əlinə keçərsə, bu, London və onun müttəfiqləri üçün qısamüddətli, bəzi hallarda isə hərbçilərin həyatı üçün təhlükə yarada bilər. Sənədlərdən biri “Arsenalın Açarları və Təhlükəsizlik Sisteminin Kodları” adlanıb.
Məlumata görə, sənədlər Şimali Yorkşir qraflığında yerləşən Britaniya Quru Qüvvələrinin ən böyük bazası olan Ketterik qarnizonuna aid ola bilər.