Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ikinci dəfə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Qeyd edək ki, bundan əvvəlki görüş dekabr ayının 14-də baş tutmuşdu.
Brüssel görüşündən nə gözlənilir? Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov Bakıvaxtı.az-a bildirib ki, Aİ Şurası Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi prosesində birincilik əldə etmək istəyir: “Bu görüşün baş tutması Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxta təsadüf edir. Artıq bir çox xarici ekspertlər bildirir ki, Rusiyanın müharibəyə başının qarışdığı bir dövrdə, Avropa İttifaqı Cəbuni Qafqazdakı münasibətlərin tənzimlənməsi prossesində birincilik əldə etmək istəyir”.
Onun sözlərinə görə, Qərb bu prosesdə də Rusiyaya təzyiq etməyə başlayıb. Rusiyanın küncə sıxışdırılması, ona tətbiq edilən sanksiyalar Cənubi Qafqaz prosesləri fonunda da baş verəcək. E.Nəsirov deyib ki, amma bu kimi məsələlərdə Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi var: “Biz istəyirik ki, post-müharibə dövrünün həllini gözləyən məsələləri tənzimlənsin. Bu, ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiyası, demarkasiyası məsələsidir”.
Bundan əlavə, Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiyaların bərpası ilə bağlı Zəngəzur dəhlizinin işə salınması, iki dövlət arasında etimad mühitinin formalaşdırılması, iki tərəfin də bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıması, qəbul etməsi, Ermənistanın Azərbaycan torpaqları ilə bağlı iddialarından vazkeçməsi məsələlər həll yolu gözləyir: “Bu, kifayət qədər böyükdür. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana 5 bənd şəklində olan təkliflərində də onu ifadə edib. Hər şey Ermənistanın bundan sonrakı davranışından asılıdır”.
Deputatın dediyinə görə, bunu da yaddan çıxarmaq olmaz ki, Brüssel görüşündən əvvəl Rusiya Prezidenti Vladimir Putinin iki dövlətin rəhbərləri ilə telefon danışıqları olub: “Bu da onu göstərir ki, Rusiya bu münasibətlərdə üstün mövqeyini qorumağa çalışır. Rusiyada Paşinyana olan etimad daim aşağı səviyyədə olub. Kreml ehtiyatlanır ki, Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışdığı, yəni Rusiyanın zəiflədiyi bir vaxtda Ermənistan qərbyönümlü siyasətini birmənalı şəkildə reallaşdıra bilər. Ona görə də Ermənistanda olan müxalifətçilərin, revanşistlərin Paşinyana qarşı aksiyalar aparması, onun istefası ilə bağlı şüarlar səsləndirilməsi görüşöncəsi təzyiqdir. Bugünki reallıq belədir. Amma hər bir halda Ermənistan öz seçimini etməlidir, çünki əməkdaşlıq yolundan imtina onun üçün çox ciddi fəlakətləri labüd edə bilər”.
Nuranə Daxilqızı
















