Kiçik Çillədən sonra ilk bala çillədən, yəni hər çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə, Qoç bürcünə doğru doğru eyni məsafə qət edir. Hər çərşənbə axşamı günü isə biz bayramı, yəni çərşənbəni qeyd edirik.
Bakıvaxtı.az xəbər verir ki, tarixi mənbələrdə, klassik ədəbiyyat nümunələrində bayram və novruzlardan söhbət gedir. Bizim bu gün Novruz kimi qəbul etdiyimiz gün sadəcə “Bayram”, çərşənbələr isə “novruz”, “bala çillə” adlanırmış...
İndi növbəti çərşənbəni- “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”- qeyd edirik. Bu çərşənbə də doğru çərşənbələrdən sayıldığından “doğru üskü” də adlandırılır. “Üskü” elə od, günəş həlqəsi deməkdir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Əliyevin Bakıvaxtı.az-a dediyinə görə, Günəş, od, işıq bütün inamlarda, inanclarda, dinlərdə mühüm yer tutur. Ona görə də digər çərşənbələri olduğu kimi, bu çərşənbəni də birmənalı olaraq hər hansı dini təlimlə əlaqələndirmək düzgün deyil. İlk növbədə kainatda gedən astronomik proseslərə, fəsillərin bir-birini əvəz etməsinə, xalqın maldarlıq və əkinçiliklə bağlı həyat tərzinə diqqət yetirmək lazımdır...
B.Əliyev bildirib ki, bütün qədim xalqlar özlərini Günəşin oğulları sayıb, ona səcdə ediblər. Elə Oğuz xan oğlu Gün xana əcdadının adını vermişdi. Belə çoxsaylı nümunələr gətirmək mümkündür.
Ən gözəl alqışlar odla bağlıdır, ən dəhşətli qarğışlar da odla bağlıdır.
Alqış söyləyəndə “Ocağın bərəkətli olsun”, “Ocağın odlu olsun”, “Ocağına nur çilənsin”, “Ocağın sönməsin”, “Gün işığına çıxasan”-deyiblər.
Qarğış söyləyəndə “Oda düşəsən”, “Od-ocağa həsrət qalasan”, “Ocağın qazan görməsin”, “Gün işığı görməyəsən-deyiblər. Bunu yazmaq belə çox ağırdır.
Azərbaycanın hər yerində isə odun üstündən tullanmağın yüngüllük yaradacağına inanırlar. Ağırlığını ocağa tökmək inancı “Çevir ocağa, al qucağa” atalar sözündə də yaşayır: “Bütün çərşənbələrdə, o cümlədən od çərşənbəsində də tonqal yandırılır.
Tonqal başına toplananlar növbə ilə alovun üstündən tullanarlar. Hoppananlar ağırlığını oda tökmək istəyir, sanki günahlarından arınmaq istəyir. İnanırlar ki, od günahları, pislikləri yandırır...Hətta qışlaqlarda sürüləri tonqalların arasından keçiriblər ki, bədnəzərdən, qurddan-quşdan uzaq olsun. Quzuları qucaqlarına alıb tonqalın üstündən tullanıblar... Başqa dini inanclara görə isə insan nəfəsi oda dəyməməlidir, yoxsa od murdarlanar...”
“Od düşdüyü yeri yandırar”, “Od yanan yerdən tüstü çıxar”, “Ocağın altdan köz, adamın altdan söz”, “Od olmasa tüstü çıxmaz”, “Ocaq içindən tutuşar”, “Ocaqdan köz əskik olmaz”, “Oddan kül törər, küldən nə törər?”, “Od haqqı”, “Odu söndürüb külü ilə oynamazlar”, “Çör- çöplə yanan ocağın istisi olmaz”, “Tüstü kötükdən çıxar, budaqdan çıxmaz”, “Yanmayanda yanmaz, ha yellə, ha ətəklə” kimi çoxlu atalar sözləri söyləyən ata-babalar inanıblar ki, od hisli olarsa, uzaqdan qonaq gələr. Ya da ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Yaxud ocaqda kül titrəyəndə od xeyrə oynayır.
İnanca görə, çərşənbədə ocağı boş qoymazlar.
Süfrəniz bol olsun, ruzi-bərəkətli olsun!
Allah odun-alovun içindən keçib vətən torpaqlarımızı azad edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin! Çox tezlklə işğaldan azad etdiyimiz hər bir kəndimizdə, şəhərimizdə işıqlar yansın, evlər şen olsun, ocaqlar isti olsun! Düşmənin 30 il xaraba qoyduğu vətən torpaqlarımızı çox qısa müddətdə bərpa edək, dirçəldək!
Qeyd edək ki, martın 8-də Hava (Yel), martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.
Çərşənbəniz mübarək olsun!
Nuranə Daxilqızı
















