İki gün əvvəl sosial şəbəkələrdə yayılan video hələ müzakirə mövzusudur. Belə ki, videoda şəxs yolda gedən qıza səbəbsiz sillə vurur.
Bakıvaxtı.az-ın məlumatına görə, araşdırmalara müəyyən olunub ki, Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. Həmçinin, etdiyi əməllərə görə üzr istəyib.
Amma psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a bildirib ki, bu cür məsələlər tək üzr istəməklə bitmir. Onun sözlərinə görə, yayılan videodan da göründüyü kimi, qarşı tərəfə şiddət və zorakılıq göstərilir: “Əlbəttə ki, bunun mütləq hüquq müstəvisində cəzası olmalıdır. Məsuliyyətə cəlb olunduqda bu insanın psixoloji probleminin, anlaqlı və ya anlaqsız vəziyyətdə, şiddətə meyilli olub olmaması müəyyənləşdirilməlidir. Əgər varsa, bu insam reabiltasiya prosesinə cəlb edilməli, psixoloq dəstəyi almalıdır”.
Psixoloqun sözlərinə görə, bu cür hərəkətin gələcəkdə yenidən təkrarlanma ehtimalı var: “Sabah küçədə olmasa da, evdə, başqa yerdə o zorakılığı göstərə bilər. Bu cür insanlar cəmiyyət üçün problem yaratdıqları üçün bir müddət müalicə prosesinə cəlb olunmalıdırlar. Cəmiyyətə adaptasiya ola biləcəyi bəlli olduqdan sonra insanlarla ünsiyyətə cəlb olunmalıdır”.
E.Rüstəmov qeyd edib ki, bu problem müxtəlif səbəblərdən baş verir: “Xüsusən daha çox narkotik, psixoaktiv və digər zərərli vərdişlərdən asılı olan insanlarda bu cür hallara rast gəlirik. Belə insanların zamanında aşkarlanması üçün xüsusi diqqət etmək lazımdır. Şübhəsiz ki, bunu birinci müşahidə edən ailələrdir. Çox vaxt ailələr bilir, amma gizlədir. Bu məsələlər gizlətməklə həll olunmur. Müşahidə edildiyi andan etibarən dəstək göstərilməlidir ki, sabah problem daha da dərinləşməsin. Çünki bu cür problem birinci ailədə baş verir, sonra ailədən çıxıb cəmiyyətdə özünü belə davranışlarla göstərir".
Psixoloq hesab edir ki, ona görə də, belə hallarda diqqətli olmaq, zamanında tədbir almaq lazımdır: "Müşahidələrimizə əsasən, belə problemlər, adətən, uşaqlıq və yeniyetməlik dövründən özünü biruzə verir. Sadəcə biz çox zaman düşünürük ki, böyüyər, düzələr. Ancaq görürük ki, böyüyəndə düzəlmir, əksinə problemin miqyası böyüyüb ağır fəsadlara gətirib çıxarır”.
Aytac Aslan
















