• Bakı 19° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Bu sənədin ləğvi yekun sülh üçün əsas şərtdir” - Professor fakt açıqladı

MÜSAHİBƏ

19 Fevral 2024 | 09:39

“Bu sənədin ləğvi yekun sülh üçün əsas şərtdir” - Professor fakt açıqladı

“Düzünü deyək” rubrikamızın budəfəki qonağı Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədlidir.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına hazırdır. Sizcə, rəsmi İrəvan bu məsələdə səmimidirmi və niyə tələsir?

- Son zamanlar Ermənistan müəyyən diplomatik gedişlər etməklə hiyləgərliyə əl atır. Azərbaycana təklif edir ki, gəlin “Hücum etməmək” haqqında pakt imzalayaq. Belə təkliflərdən biri də məhz Türkiyə ilə sərhədlərin açılmasıyla bağlıdır. Amma Türkiyə rəhbərliyi dəfələrlə bildirib ki, Ermənistanla Türkiyə arasında sərhədlər rəsmi İrəvanla rəsmi Bakı arasında münasibətlər nizamlanandan, sülh sazişi imzalanandan sonra açıla bilər. Ermənistan rəhbərliyi sülh sazişi ilə bağlı görüntü yaratmaqla guya münasibətləri normallaşdırmaq istəyir. Onlar bu görüntü ilə beynəlxalq aləmdə sülhpərvər imic formalaşdırmağa çalışır. Bununla yanaşı, Ermənistan Türkiyəyə sərhədlərin açılması haqqında təklif irəli sürməklə Azərbaycana diplomatik təzyiqə cəhd edir. Amma nəzərə almaq lazımdır ki, bu gedişləri Azərbaycan və Türkiyə rəhbərliyi yaxşı anlayır. Rəsmi İrəvanın bu hiyləgər siyasəti heç bir effekt verməyəcək.

- Ukrayna Prezidenti Volodimir Zelenski üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib. O söyləyib ki, Rusiyanı həm geosiyasi, həm də maliyyə cəhətdən dayandırmaq olar. Ukraynanın dağılmasının, qlobal miqrasiyanın və üçüncü dünya müharibəsinin qarşısının alınması üçün bunlar vacibdir. Sizcə, üçüncü dünya müharibəsi realdırmı?

- Əslində Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq beynəlxalq aktorların davranışı üzə çıxdı. Avropa ölkələri Rusiyanı sıxışdırmaq üçün sanksiyalar tətbiq etdilər. Geniş mənada nəticələr əldə edə bildilər. Buna rəğmən indiki məqamda Avropa ölkələri Rusiyadan neft məhsulları və qaz alır. Avropa ölkələri ilə Rusiya arasındakı münasibətlər tam kəsilməyib. Bu mənada Avropa ölkələri təmiz “oynamadılar”. Müharibə uzandığına görə Avropa ölkələrində də müəyyən yorğunluq hiss olunur, ictimai rəy də ona yönəlib ki, Rusiya-Ukrayna müharibəsi uzandığına görə Avropa ölkələrinin əhalisi də müəyyən çətinliklərlə üzləşir. “Müharibə nə qədər davam edəcək?” sualı ilə əslində onlar öz narazılıqlarını ifadə edirlər.

- Bəs narazılıq varsa, niyə Avropa ölkələri müharibənin daha da uzanmasında maraqlıdır?

- Əsas aparıcı qüvvələr anlayırlar ki, indiki məqamda müharibəni dayandırmaq Rusiyanın xeyrinə ola bilər. Bu mənada Ukrayna çətinliklə üzləşsə belə, bu ölkəyə dəstək vermək lazımdır. Bu yaxınlarda Fransada “Artilleriya sammiti” keçirildi və Ukraynaya 50 ölkə kifayət qədər dəstək verməyi planlaşdırdı. Bununla yanaşı, Ukraynaya 50 milyard avro ayrılır. Bu da həmin ölkəyə xeyli dəstək olacaq. İndiki məqamda Almaniya Fransa və başqa ölkələri sıxışdırır ki, Ukraynaya daha çox yardım göstərmək lazımdır. İlkin məqamda belə bir görüntü yaranır ki, guya yardım azalıb, amma bu, belə deyil. 2022 və 2023-cü ilin ilk ayları ilə müqayisədə yardımın həcmi artıb. Sadəcə olaraq, Ukrayna daha çox yardım istəyir. Bu mənada Ukrayna istəyir ki, müharibədə dönüş yaratsın. Real olaraq bu işdə çətinlik çəkir. Əks hücum əməliyyatları tam uğurla baş çatmır. Eyni zamanda Rusiya da bir nəticə əldə edə bilmir. Ona görə də Rusiya-Ukrayna cəbhəsində bir durğunluq yaranıb. Qərb siyasi liderləri vurğulayıblar ki, biz öz hədəflərimiz barədə açıq danışırıq və Rusiya da bunu bilib, preventiv addımlar atır. Bundan başqa, bu gün Rusiyanın 5 vilayətinə Ukrayna PUA-larla hücum edib. Bundan əlavə, Ukrayna bütün Krımı, Rostov, Kursk, Tula, Peterburq və s. vilayətləri vurur. Yəni Ukrayna Rusiyanın neft-qaz komplekslərini sıradan çıxarmaq istəyir ki, Rusiyanı maliyyə cəhətdən zəiflətsin, bu ölkəyə gələn pul axınının qarşısını alsın. Rəsmi Kiyev müəyyən mənada buna nail ola bilir. Ukrayna özü üçün müdafiə xətti formalaşdırır. Bu da deməyə əsas verir ki, rəsmi Kiyev atəşi Rusiyanın içərisinə doğru atmaq istəyir ki, Rusiya əhalisi qıcıqlanıb, etiraza qalxsın. Bunun kiçik əlamətləri var.

- Rusiya-Ukrayna savaşı, Yaxın Şərqdə baş verənlər, İsrail- Həmas toqquşması, Qara dənizdə yaşanan proseslər üçüncü dünya müharibəsi mərhələsinə qədər gətirib çıxara bilərmi?

- Bu barədə müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, Rusiya Ukraynadan sonra Avropanı da öz orbitinə çəkmək istəyəcək. Amma baxın, Böyük Briyaniya Ukrayna ilə təhlükəsizlik haqqında müqavilə bağladı. Amerika və digər ölkələr Ukraynaya böyük dəstək verirlər. Bütün bunlar onu göstərir ki, onlar Ukraynanı meydanda tək buraxmayacaqlar. Onlar vəziyyət nəzarətdən çıxmasın deyə yardımı hissə-hissə təqdim edirlər. Qərb Rusiya-Ukrayna müharibəsini sönməyə qoymayacaq, amma proseslərin üçüncü dünya müharibəsi müstəvisinə çatmasına imkan verməyəcəklər. Onlar bu ortaq zolaqla addımlayıb, Rusiyanın zəifləməsinə nail olmağa çalışırlar.

- Fransanın adını çəkdiniz. Fransanın “aparıcılığı” ilə AŞPA-da Azərbaycana qarşı kəskin böhtanlar irəli sürüldü və Azərbaycanın nümayəndə heyəti bu təşkilatdakı fəaliyyətini dondurdu. Fransa nəyə nail olmaq istəyir?

- Fransa və digər Avropa ölkələri Ermənistana “canları yandığı” üçün bunu etmirlər. İlk növbədə öz maraqlarını qorumağa çalışırlar. Çalışırlar ki, Cənubi Qafqazda müəyyən problemlər olsun, bu problemləri əsas gətirərək, Azərbaycanı çərçivədə saxlasınlar. Bu dalğada da Ermənistana və erməni lobbisinə dəstək verməyə çalışırlar. Hesab edirlər ki, guya Ermənistan rəsmi Moskvaya qarşı dirəniş göstərir. Bu mənada Ermənistanı özlərinə daha yaxın sayırlar. Bundan da istifadə edib, Cənubi Qafqaza soxulmaq niyyətindədirlər. Qərbin addımlarında ilk növbədə öz maraqları dayanır. Bununla yanaşı, rəsmi İrəvanı Moskvaya qarşı qoyub, Rusiyanı Cənubi Qafqazdan çıxarmağa cəhd edirlər. Bundan başqa Azərbaycan Cənubi Qafqazda faktiki olaraq kommunikasiya korridorudur. Orta Asiyadan gəlib, Avropa gedən “TransXəzər” layihəsi onlar üçün cəlbedicidir. Avropa İttifaqı  “TransXəzər” layihəsinə 10 milyard avro ayırmaq istəyir. Bu mənada onlar bu ərazidə nüfuz sahiblərindən biri olmaq həvəsindədirlər.

- Həm də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi onları ciddi əndişələnirir...

- Onlar 10 milyard vasitəsilə sözügedən dəhlizə sahib olmaq xəttini yürüdürlər, amma rəsmi Ankara buna imkan verməyəcək. Türkiyə o məqamda imkan verər ki, Azərbaycanla yanaşı, bu layihənin aparıcılarından biri də Türkiyə olsun. Çünki ərazi və türk dövlətləri birliyi, Orta Asiya ölkələrinin birliyi və türk dünyası üçün bu dəhliz əhəmiyyətlidir. Sözsüz ki, bu dəhlizin sahibi də Türkiyə və Azərbaycan olacaq. Amma Avropa ölkələri də Ermənistan vasitəsilə cəhd edirlər ki, bu zolağı nəzarətə götürsünlər. Bunun üçün də Ermənistanı əllərində bir alətə çeviriblər. Bu ölkə vasitəsilə Rusiya və Azərbaycana qarşı planlarını həyata keçirməyə çalışırlar. Düzdür, onlar bəzən blef üçün Ermənistana yardım edirlər. Ermənistan ictimai rəyini çaşdırmağa çalışırlar ki, guya Ermənistana daim köməklik göstərəcəklər. Hahbuki bu, onların öz maraqlarına xidmət edir. Hətta avropalı siyasətçilərdən biri belə bir açıqlama verib ki, hətta Ermənistan istəməsə belə biz onu dəstəkləyəcəyik. Bu onların içi üzünü, məqsədlərini ortaya çıxarır.

- Sabir müəllim, Ermənistanla-Azərbaycan arasında yekun sülhlə bağlı da müzakirələr gedir. Sizcə, 2024-cü ildə yekun sülh imzalanacaqmı, imzalanmayacaqsa, onu ləngidən amillər hansılardır?

- Kənardan görüntü ondan ibarətdir ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa tam hazırdır. Buna dair vəziyyət də yetişib. Amma reallıqda durum fərqlidir. Ermənistan fərqli olaraq öz üzərinə düşən bir çox məsələni həll etməyib. Məsələn, o ərazi iddiaları və qanunvericilik və konstitusiyanın qəbulu məsələsi həllini tapmayıb. Bir məsələ var ki, onu çox müzakirə etmirlər və istərdim xüsusi olaraq vurğulayaq. Ermənistan parlamenti 1989-cu ildə qərbi azərbaycanlıların Ermənistandan deportasiya edilməsi haqqında qanun qəbul edib. Bununla əlaqədar olaraq, Azərbaycan rəhbərliyi və cəmiyyətin istəyi odur ki, o sənəd ləğv olunsun. Qərbi Azərbaycanlıların öz doğma vətənlərinə qayıtması və təhlükəsizliyi təmin olunsun. Sülh sazişinin bağlanması üçün əsas şərtlərdən biri məhz budur. Dekabr ayında Azərbaycan Milli Məclisi “Qərbi azərbaycanlıların tarixi vətənlərinə qayıdı” haqqında sənəd qəbul etdi. Ermənistan üzərinə düşən məsələləri həll etməyib. Söhbət hələ demarkasiya, delimitasiya və 8 kəndin qaytarılmasından getmir. Faktiki olaraq sülh sazişinin özününün konseptual məsələləri razılaşdırılmayıb.

- Ermənistanın sülh sazişinə ciddi marağı varmı?

- Bu ölkə bir tərəfdən silahlanır. Özü də hücum silahları alır. İkili oynayır, qeyri-səmimi davranır. Digər tərəfdən də Azərbaycanı sülh sazişi imzalamağa dəvət edir. Son olaraq Azərbaycana “Hücum etməmək haqqında” paktın imzalanmasını təklif edib. Bu pakt imzalamaqla heç nəyə nail olmaq mümkün deyil. Ermənistan indiyə qədər hansı sənədə atdığı imzasına hörmət edib?

Ayyət Əhməd


SON XƏBƏRLƏR

27 Aprel 2024