Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəşad Xanlar oğlu Qaraqurbanlıya məxsus "Pub 008" ictimai iaşə obyektində yoxlama keçiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan dörd ədəd 1 litrlik, üç ədəd 0.7 litrlik "Olmeca Tequila" əmtəə nişanlı tekila, iki ədəd 1 litrlik, dörd ədəd 0.7 litrlik, dörd ədəd 0.5 litrlik "Chivas Regal 12" əmtəə nişanlı viski, üç ədəd 0.7 litrlik, dörd ədəd 0.5 litrlik "Jack Daniel`s" əmtəə nişanlı viski aşkarlanıb.
İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki LOT kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib.
Faktla bağlı inzibati icraata başlanılıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.