Xəbər verdiyimiz kimi, mayın 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.
İmtahanda ümumilikdə 1648 namizəd iştirak edib. Nəticələrə əsasən, 467 namizəd tələb olunan şərtləri ödəyərək imtahandan uğurla keçib və dövlət qulluğunda çalışmaq hüququ qazanıb.
Bu göstəricilər niyə azdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, 1648 nəfər iştirakçıdan yalnız 467-nin dövlət qulluğu imtahanında uğurlu nəticə göstərməsi, yəni keçid balını toplaması, bu mərhələnin cəmi 28,3%-lik müvəffəqiyyət səviyyəsi ilə nəticələndiyini göstərir. Onun sözlərinə görə, bu, kifayət qədər aşağı göstərici sayılır və prosesin həm strukturunda, həm də iştirakçıların hazırlığında ciddi çatışmazlıqların olduğunu ehtimal etməyə əsas verir:
"Əvvəla, bu nəticə imtahanın çətinliyi ilə yanaşı, hazırlıq prosesinin keyfiyyətsizliyi və normativ baza ilə təcrübə arasındakı uyğunsuzluqla da bağlıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət qulluğu imtahanları həm hüquqi bilikləri (Konstitusiya, “Dövlət qulluğu haqqında” Qanun, əmək, inzibati və maliyyə qanunvericiliyi və s.), həm də məntiq, məlumat emalı, situasiya analizləri kimi bacarıqları yoxlayır. Bu imtahan formatı əgər nəzəriyyə yönümlüdürsə və praktiki yanaşmalarla zəif əlaqəlidirsə, nəticə də bu qədər aşağı olur. Məhz bu səbəbdən iştirakçılar arasında belə bir fikir formalaşır ki, “imtahan çox çətin idi”.
Ekspertə görə, eyni zamanda bu rəqəm bizə onu göstərir ki, iştirakçıların əksəriyyəti dövlət qulluğuna sistemli hazırlıq keçmədən, sadəcə ümumi bilik və şəxsi təcrübəyə güvənərək imtahana qatılır:
"Hazırda Azərbaycanda dövlət qulluğu imtahanlarına hazırlıq üçün fəaliyyət göstərən repetitor və kurs strukturları kifayət qədər nizamsızdır, vahid metodik baza yoxdur. Bu isə iştirakçıların real imtahanın məzmununa uyğun hazırlıq keçməsinə mane olur".
Kamran Əsədov: 28%-lik müvəffəqiyyət səviyyəsi təəssüf doğuran, lakin təəccübləndirici olmayan bir göstəricidir
Müsahibimizin dediyinə görə, daha ciddi problem ondan ibarətdir ki, dövlət qulluğu sahəsində kadr ehtiyacları olduğu halda, bu cür aşağı keçid faizi vakansiyaların boş qalmasına, dövlət strukturlarında gənc və dinamik kadrlarla yenilənmənin ləngiməsinə səbəb olur. Əgər dövlət sistemi gəncləşmək, şəffaf və bilikli kadrlarla təchiz olunmaq istəyirsə, bu imtahan sisteminin məqsədi yalnız süzgəc yaratmaq yox, həm də yönləndirici və hazırlayıcı bir mexanizm olmalıdır.
K.Əsədov sonda vurğulayıb ki, 28%-lik müvəffəqiyyət səviyyəsi təəssüf doğuran, lakin təəccübləndirici olmayan bir göstəricidir:
"Bu rəqəm həm imtahanın məzmununun, həm də hazırlıq sisteminin ciddi təhlilinə ehtiyac olduğunu ortaya qoyur. Əgər dövlət idarəçiliyi keyfiyyətli kadrlara əsaslanacaqsa, bu imtahanlar yalnız ələmə yox, inkişaf və istiqamətləndirmə mexanizmi rolunu da oynamalıdır. Hazırlıq kurslarının akkreditasiyası, təlimlərin vahid metodika əsasında keçirilməsi, imtahanlardan sonra rəy və təhlil sisteminin yaradılması və nəticələrin təhlilinə əsaslanaraq tədris materiallarının yenilənməsi bu sahədə real irəliləyiş üçün vacibdir".
Nuriyyə Musayeva