İqlim dəyişikliyinin səbəb olduğu Antarktika buzlaqlarının əriməsi vulkan püskürmələrinin tezliyini və gücünü artıra bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Braun Universitetinin alimləri müəyyən ediblər.
Məlumata görə, bunun səbəbi, buzlaq kütləsinin itirilməsinin Yer kürəsinin ən böyük vulkanik əyalətlərindən biri olan Qərbi Antarktika rift zonasındakı maqma kameralarına əhəmiyyətli dərəcədə təsir etməsidir.
Qeyd olunub ki, bir çox kilometrlik buz təbəqələrinin əriməsi Yer səthindən təzyiqi azaldır və onun yüksəlməsinə səbəb olur. İzostatik rebound kimi tanınan bu proses maqma kameralarının içərisində təzyiqi dəyişir. Təzyiqin azalması kameranın genişlənməsinə imkan verir, uçucu maddələrin (su və karbon dioksid) sərbəst buraxılmasına və nəticədə vulkan püskürməsinə səbəb olur.
Alimlər termomexaniki modeldən istifadə edərək son 150 min il ərzində əriyən buzlaqların və maqma kameralarının qarşılıqlı təsirini simulyasiya ediblər.
Onlar aşkar ediblər ki, buzlaqlardan kütləvi itkilərin sürəti əsas rol oynayır: buz nə qədər tez əriyirsə, maqma kameralarına bir o qədər təsir göstərir.
Eyni zamanda, böyük maqma kameraları buzların əriməsinə daha güclü reaksiya verir və buz kütləsinin sürətlə azalması ilə püskürmənin başlanğıcı on və ya yüz illərlə sürətlənir.
Tədqiqatçılar həmçinin 18 min il əvvəl Pataqoniya buzlaqlarının əriməsi ilə Calbuco və Pueyeu Cordon Cahue kimi Cənubi vulkanik zonada vulkanların aktivliyinin artması arasında əlaqə tapıblar.
Alimlər vurğulayırlar ki, texnogen qlobal istiləşmə dayansa belə, buz kütləsinin itirilməsinin təsiri minlərlə il ərzində Antarktidada vulkanik fəaliyyətə təsir etməyə davam edəcək.
Mina Mikayılova