Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də 3-cü doza vaksinin vurulmasıdır. Əksəriyyət 1-ci və 2-ci doza vaksin vurdurduğunu deyərəK. Buzter doza vurdurmaqdan imtina edir. Ümumiyyətlə. 3-cü doza vaksin vurdurmaq zəruridir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-infeksionist Nicat Əzimli bildirib ki, buster doza vurdurmayan şəxs vaksinli hesab olunmur. Onun sözlərinə görə, əslində, 3-cü doza termini düzgün ifadə deyil: “Çünki 3-cü doza imunniteti zəif olan, immun xəstəlikləri və immunitetə təsir edən digər xəstəlikləri olan şəxslərə 2-ci dozadan bir ay sonra vurulan vaksin adlanır. Bizim hazırda haqqında danışdığımız isə ikinci vaksin dozasından beş ay sonra vurulan buster, yəni gücləndirici dozadır”.
Həkimin dediyinə görə, artıq qəbul olunub ki, buster dozanın vurulması mütləqdir. Çünki bu yeni variantların xəstəliyin köhnə variantları üzərində hazırlanmış vaksinlərin yaratdığı imunnitetdən yayınma xüsusiyyəti var. Hazırda bunlar dominant olduğu üçün bu vaksinlərin effekti üç aydan çox qalmır: “Ona görə, buster dozanın əhəmiyyəti daha da artmış olur. Beş ay keçdikdən sonra mütləq şəkildə buster doza vurulmalıdır. Əgər olmasa, həmin şəxs vaksinli hesab olunmur. Çünki onun bədənindəki immunitet artıq qoruyucu deyil”.
N.Əzimli buster doza vurdurmaq istəməyən şəxslərin nəzərinə çatdırır ki, əgər ikinci dozanın üzərindən 5-6 ay keçibsə, vurdurduğunuz vaksindən asılı olmayaraq, orqanizminizdə qoruyucu immunitet qalmamış olur.
Vəzi ölkələrdə, ümumiyyətlə vaksinasiyanın həyata keçirilmədiyini deyən müsahibimiz bildirir ki, kasıb ölkələr vaksini idxal edə bilmirlər. Bəzi ölkələrdə isə əhali vaksinasiyaya qarşı soyuq münasibət bəslədiyi üçün vaksin olunanların sayı çox azdır: “Həmin ərazilər üzrə yoluxma sayı artdıqca virusun çoxalması prosesində yeni mutantlar ortaya çıxır və təbii ki, epidemik vəziyyət pisləşmiş olur. Bu cəhətdən, vaksinasiya çox əhəmiyyətlidir”.
Tibb üzrə elmlər doktoru Adil Qeybulla isə bildirib ki, buster dozanın vurulması məsələsi bir zamanlar immuniteti gücləndirmək üçün ortaya çıxmışdı. Dediyinə görə, amma söhbət artıq ikinci fərqli vaksinasiyadan gedir: “Yəni, birinci vaksinasiyasından altı ay keçən şəxsin ikinci vaksini vurdurması mütləqdir”.
İkinci vaksinasiyanın vacibliyinin səbəblərini qeyd edən A.Qeybulla bildirib ki, çünki xəstəlik mutasiya edərək davam edir. Ona görə də, immun sistemin hazır vəziyyətdə qalması, güclənməsi, yeni ştamlara qarşı davamlılıq göstərməsi üçün ikinci vaksinasiyaya ehtiyac yaranır: “Hesab edirəm ki, artıq 3-cü doza yox, ikinci vaksinasiyadan danışmaq daha düzgün olardı”.
Aytac Aslan
















