Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.
Politoloq Natiq Miri səfər barədə Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, Türk dövlətləri içərisində proseslərdən nisbətən kənarda qalan ölkələrdən biri Türkmənistandır. Ekspert qeyd edib ki, bunun əsas səbəblərindən biri ölkənin elan etdiyi neytrallıq siyasətidir.
“Türkmənistan neytral ölkədir və neytrallığını elan edib. Eyni zamanda, geosiyasi və təhlükəsizlik baxımından baş verən hadisələrdən, mümkün təhdidlərdən sığortalanmaq üçün bir növ kənarda, müşahidəçi mövqeyində fəaliyyət göstərir. Ancaq Türk Dövlətləri Təşkilatı bütün türk dövlətlərini və türk toplumlarını əhatə edən bir birlikdir. Belə bir vəziyyətdə Türkmənistanın kənarda qalması mümkün deyil. O baxımdan zaman-zaman Türkmənistan-Azərbaycan münasibətlərinin yaxınlaşması üçün konkret siyasət ortaya qoyulur”, – deyə politoloq bildirib.

N.Miri hesab edir ki, Azərbaycan və Türkmənistan arasında son illərdə artan yüksək səviyyəli təmaslar münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edir.
“Türkmənistan Prezidentinin Azərbaycana, o cümlədən Qarabağa və Şuşaya səfəri, Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Türkmənistan rəhbərliyinin Azərbaycana mütəmadi səfərləri münasibətləri daha da yaxınlaşdırmağa xidmət edir. Bu proses perspektivdə strateji tərəfdaşlığa, hətta strateji müttəfiqliyə gətirib çıxara bilər.
Ümumiyyətlə, Türkmənistan dost, qardaş və türk dövləti olaraq, eyni zamanda Xəzər hövzəsində yerləşən ölkələrdən biri kimi bütün Türk dünyası, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”, – politoloq vurğulayıb.

Politoloq Natiq Miri
Ekspertin sözlərinə görə, Azərbaycan Türkmənistanın və digər Mərkəzi Asiya ölkələrinin Türk dünyasının inteqrasiya proseslərinə daha fəal cəlb olunması istiqamətində mühüm rol oynayır.
“Azərbaycan bu proseslərdə birləşdirici rol oynamaqla yanaşı, lokomotiv dövlətdir. Tədricən Azərbaycan bütün Türküstanı, o cümlədən Cənubi Qafqazı birləşdirəcək körpüyə çevrilir. Ona görə də Azərbaycanın bu fəaliyyəti Türk dünyasında yüksək dəyərləndirilir”, – deyə N.Miri qeyd edib.
Politoloq C5 formatının C6-ya çevrilməsinin də mühüm əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu proses Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx əlaqələrin qurulmasına imkan yaradır.
“Əgər əvvəllər C5 formatı fəaliyyət göstərirdisə, artıq bu, C6 formatına çevrilib. Bu da Türküstanın, yəni Mərkəzi Asiyanın Cənubi Qafqazla birləşdirilməsinə və inteqrasiyasına xidmət edir. Bunun nəticəsində böyük Avrasiya məkanında yeni əməkdaşlıq modeli formalaşa bilər.
Əsas qayə perspektivdə yenidən şəkillənən dünyada Türk dünyasının həlledici güc mərkəzlərindən birinə çevrilməsidir”, – politoloq bildirib.
N.Miri hesab edir ki, C6 formatında iqtisadi inteqrasiya məsələləri də xüsusi əhəmiyyət daşıyır.
“Perspektivdə Avropa Birliyi modeli kontekstində vahid iqtisadi məkandan söhbət gedə bilər. Bu istiqamətdə artıq müxtəlif addımlar və təkliflər var. Türk dövlətləri arasında vahid ödəniş mexanizmlərinin yaradılması ideyası da mövcuddur.
.jpeg)
Azərbaycan və bütövlükdə Türk dünyası yalnız "Mastercard" və "Visa" kimi sistemlərdən asılı olmamalıdır. Türk dünyasının öz köçürmə və ödəniş mexanizmləri, maliyyə sistemləri olmalıdır. Bu da bütövlükdə Türk dünyasının birliyini və cəlbediciliyini artıracaq”, – deyə ekspert vurğulayıb.
Politoloq Türkmənistanda keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünü səfərin əsas məqamlarından biri hesab edir.
“Türkmənistanda keçirilən tədbirlər içərisində ən önəmlisi məhz Mərkəzi Asiya-Azərbaycan formatında keçirilən C6 toplantısıdır. Bu Məşvərət Şurasında çox ciddi məsələlər və təkliflər müzakirə olunur. Hər bir belə tədbirin keçirilməsi Türk dünyasının birliyinə, Mərkəzi Asiya ilə Cənubi Qafqazın inteqrasiyasına xidmət edir”, – N.Miri əlavə edib.
Günəş Mərd
















