• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Ciddi xəstəliklərin riskini azaldan AMİL

CƏMİYYƏT

16 Iyul 2025 | 16:54

Ciddi xəstəliklərin riskini azaldan AMİL

Onlarla ciddi xəstəliklərin riskini azaldan amil müəyyən edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 500-ə yaxın tədqiqatın sistematik təhlili göstərib ki, uşaq və yeniyetmələrdə optimal ürək-damar sağlamlığı təkcə ürəyin sağlam olmasını təmin etmir, həm də yetkinlik dövründə onlarla ciddi xəstəliklərin riskini azaldır.

Məlumata görə, tədqiqatçılar Amerika Kardiologiya Assosiasiyası tərəfindən irəli sürülmüş səkkiz əsas göstəriciyə əsaslanıblar. Onlardan dördü həyat tərzi ilə bağlı vərdişlərdir — sağlam qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və siqaretdən (o cümlədən elektron siqaretlərdən) imtina. Digər dördü isə klinik göstəricilərdir: bədən kütlə indeksi, qan təzyiqi, xolesterin və qanda şəkərin səviyyəsi.

Lakin müəlliflərin sözlərinə görə, erkən yaşda belə ideal göstəricilərə malik uşaqların sayı çox azdır. Bu da profilaktik tədbirlərin təcili olaraq gücləndirilməsini tələb edir.

İcmalın baş müəllifi, Çikaqodakı Ann və Robert Luri Uşaq Xəstəxanasının pediatr-kardioloqu Amanda Marma Perak izah edir: “Uşaqlıq dövrü bədən sistemlərinin hamısı üçün, təkcə ürək yox, ümumi sağlamlıq üçün bu normaların fayda verdiyi unikal bir fürsət pəncərəsidir”.

Onun sözlərinə görə, valideynlər bu göstəricilərdən qidalanma, fiziki aktivlik, yuxu və siqaretlə bağlı münasibətlərin formalaşmasına birbaşa təsir edə bilərlər. Digər dörd göstəricini isə pediatrla birlikdə profilaktik müayinələr zamanı izləmək mümkündür.

Araşdırmanın nəticələri göstərib ki, ürək-damar xəstəliklərinin qarşısının alınması mümkün qədər erkən, hətta doğulmamışdan əvvəl başlamalıdır. Belə ki, Perakın həmmüəllifi olduğu araşdırmalardan birində ana hamiləlik dövründə sağlam həyat tərzi keçiribsə, onların övladları yeniyetmə yaşda ürək-damar risklərinə səkkiz dəfə daha az məruz qalırlər.

Alimlərin fikrincə, erkən müdaxilə gələcək onilliklər üçün sağlamlığı qorumağa kömək edə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR