Yaxın Şərqdə davam edən gərginlik fonunda İran ilə Çin arasında diplomatik təmasların intensivləşməsi diqqət çəkir. İranın xarici işlər naziri Abbas Əraqçı çinli həmkarı Wang Yi ilə görüşdən sonra açıqlamasında Pekinin regionda sülh və sabitliyin qorunması istiqamətində rolunu yüksək qiymətləndirdiklərini bildirib.
Tehran hesab edir ki, Çin yalnız iqtisadi tərəfdaş deyil, həm də müharibədən sonrakı regional təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm aktora çevrilə bilər. Xüsusilə ABŞ-İran qarşıdurmasının davam etdiyi və regionda yeni risklərin yarandığı bir dövrdə Pekinin diplomatik fəallığı daha çox müzakirə olunur. Son illərdə Çin həm İran-Səudiyyə münasibətlərinin normallaşdırılması, həm də enerji və logistika layihələri vasitəsilə Yaxın Şərqdə təsir imkanlarını genişləndirməyə çalışır.
Bəs Pekin həqiqətən regionun siyasi balansını dəyişə biləcək gücə malikdirmi? Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, İran üçün Çinin fəallaşması ilk növbədə beynəlxalq təcridin yumşaldılması baxımından əhəmiyyətlidir. Tehran anlayır ki, Qərblə münasibətlərdə yaşanan böhran fonunda Pekin onun üçün alternativ strateji dayağa çevrilə bilər. Onun spzlərinə görə, Çin həm BMT platformasında, həm iqtisadi layihələrdə, həm də enerji bazarında İranın əlini gücləndirən aktordur:
“Digər tərəfdən, Pekin ideoloji deyil, daha çox praqmatik siyasət yürüdür və bu, İran rəhbərliyi üçün rahat əməkdaşlıq modeli yaradır. İran düşünür ki, Çin regionda ABŞ-dən fərqli olaraq daha balanslı və qarşıdurmadan uzaq vasitəçi rolunu oynaya bilər. Bu səbəbdən Tehran Pekinin bölgədə siyasi iştirakının artmasını öz təhlükəsizlik maraqları ilə uyğun hesab edir”.
Müsahibimiz qeyd edib ki, Çin artıq yalnız iqtisadi güc kimi deyil, diplomatik aktor kimi də özünü göstərməyə çalışır. Xüsusilə İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpasında vasitəçilik etməsi Pekinin yeni mərhələyə keçdiyini göstərdi. Dediyinə görə, amma buna baxmayaraq, Çin hələ də Yaxın Şərqdə ABŞ səviyyəsində təhlükəsizlik infrastrukturu qurmayıb. Regionda Çin hərbi bazalarının, təhlükəsizlik alyanslarının və birbaşa müdaxilə imkanlarının məhdud olması onun təsir dairəsini müəyyən qədər zəiflədir. Pekin daha çox iqtisadi asılılıq və ticarət əlaqələri vasitəsilə təsir etməyə üstünlük verir. Buna görə Çin müəyyən gərginlikləri azaltmaq imkanına malik olsa da, bütün regional münaqişələrin qarşısını təkbaşına ala biləcək gücdə deyil.

Züriyə Qarayeva: Çin artıq yalnız iqtisadi güc kimi deyil, diplomatik aktor kimi də özünü göstərməyə çalışır
İran-Çin münasibətlərinin güclənməsinin bölgədə qüvvələr balansına təsirinə gəlincə, politoloq bildirib ki, bu yaxınlaşma Yaxın Şərqdə çoxqütblü sistemin güclənməsinə xidmət edir. Uzun illər regionda əsas dominant aktor United States olsa da, indi Çin və müəyyən mənada Rusiya alternativ siyasi mərkəzlər formalaşdırmağa çalışırlar:
“İranın Çinlə strateji əməkdaşlığı Tehranın iqtisadi və diplomatik manevr imkanlarını artırır. Xüsusilə enerji, logistika və müdafiə sahəsində əməkdaşlığın genişlənməsi bölgədə yeni ittifaq elementləri yarada bilər. Bu vəziyyət ABŞ müttəfiqlərini də öz siyasətlərinə yenidən baxmağa məcbur edir. Nəticədə regionda daha mürəkkəb və rəqabətli geosiyasi balans formalaşır”.
“Bəs Çin gələcəkdə Yaxın Şərqdə ABŞ ilə açıq geosiyasi rəqabət mərhələsinə keçə bilərmi” sualını cavablandıran həmsöhbətimiz qeyd edib ki, hazırkı mərhələdə Çin birbaşa qarşıdurmadan daha çox paralel təsir strategiyası yürüdür. Pekin anlayır ki, Yaxın Şərq kimi həssas bölgədə sərt hərbi rəqabət böyük risklər yarada bilər. Buna görə Çin daha çox iqtisadi layihələr, enerji marşrutları və diplomatik platformalar üzərindən nüfuzunu artırmağa çalışır. Amma prosesin indiki istiqaməti göstərir ki, Pekin artıq regionda sadəcə müşahidəçi qalmaq istəmir.
“Əgər Çin enerji təhlükəsizliyi və ticarət yollarını qorumaq üçün gələcəkdə daha fəal təhlükəsizlik siyasətinə keçərsə, ABŞ ilə rəqabət daha açıq xarakter ala bilər. Bu isə Yaxın Şərqin gələcək geosiyasi mənzərəsini ciddi şəkildə dəyişdirə bilər”, -deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 




