q
  • Bakı 18° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Livan müharibəsi niyə yenidən kritik mərhələyə keçir? - ŞƏRH

DÜNYA

08 May 2026 | 11:19

Livan müharibəsi niyə yenidən kritik mərhələyə keçir? - ŞƏRH

İsrail ilə Livan arasında aylardır davam edən qarşıdurma yenidən təhlükəli mərhələyə daxil olub və tərəflər arasında gərginliyin azaldılması üçün gələn həftə yeni danışıqların keçirilməsi planlaşdırılır.

Hazırda sərhəd xəttində qarşılıqlı raket və hava zərbələri davam edir, Livanın cənubu isə faktiki olaraq daimi hərbi risk zonasına çevrilib. İsrail tərəfi Hizbullahın sərhəd bölgəsindəki fəaliyyətini öz təhlükəsizliyinə birbaşa təhdid hesab edir, Livanda isə artıq minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb. Maraqlıdır ki, Qəzza və İran ətrafındakı proseslər qlobal medianın əsas diqqətini çəkdiyi üçün Livan cəbhəsində baş verənlər bir qədər arxa planda qalır. Halbuki regionda ən təhlükəli ssenarilərdən biri məhz bu xətt üzrə genişmiqyaslı müharibənin başlaması hesab olunur.

Əslində burada söhbət təkcə İsrail və Livan arasındakı lokal qarşıdurmadan getmir. Bu müharibə Yaxın Şərqdə İran təsiri, ABŞ təhlükəsizlik strategiyası və regional güc balansı ilə birbaşa bağlıdır. İsrail artıq uzun müddətdir şimal sərhədində “ikinci Qəzza” yaranmasını istəmir və hesab edir ki, Hizbullahın raket potensialı gələcəkdə ölkə üçün daha böyük təhlükəyə çevrilə bilər. Buna görə də Tel Əviv hərbi təzyiqi artırmaqla Livanı müəyyən təhlükəsizlik razılaşmasına məcbur etməyə çalışır.

Digər tərəfdən Livanın daxilində vəziyyət son dərəcə ağırdır. İqtisadi böhran, siyasi parçalanma və zəif dövlət idarəçiliyi səbəbindən Beyrutun proseslərə tam nəzarət etmək imkanı çox məhduddur. Bu isə İsrailin tez tez “Livan dövləti sərhədə nəzarət etmir” arqumentindən istifadə etməsinə şərait yaradır.

Gözlənilən danışıqların əsas məqsədi sərhəddə nisbi sabitlik yaratmaq və tərəflər arasında birbaşa toqquşma riskini azaltmaqdır. ABŞ və Fransa kimi vasitəçilər xüsusilə Hizbullah qüvvələrinin sərhəddən geri çəkilməsi və Livan ordusunun bölgədə daha aktiv yerləşdirilməsi modelini irəli sürür. Əgər belə bir mexanizm formalaşarsa, İsrail müəyyən mərhələdə əməliyyatların intensivliyini azaltmağa razı ola bilər. Amma əsas problem ondadır ki, Hizbullah Livanda sadəcə silahlı qrup deyil, həm də ciddi siyasi və ictimai dayaqlara malik aktordur. Bu səbəbdən hər hansı razılaşmanın kağız üzərində əldə olunması ilə onun real həyatda işləməsi arasında böyük fərq var.

Digər vacib məqam isə budur ki, İsrailin Livana qarşı təzyiq siyasəti artıq yalnız təhlükəsizlik məsələsi kimi görünmür. Regionda bir çox dairələr hesab edir ki, Tel Əviv paralel şəkildə İranın bölgədəki təsir zəncirini qırmağa çalışır. Çünki Hizbullah İranın Yaxın Şərqdəki ən güclü müttəfiqlərindən biridir. Bu baxımdan Livan cəbhəsi əslində daha böyük geosiyasi qarşıdurmanın bir hissəsidir. Ona görə də gələn həftə keçiriləcək görüşlərdən tam və davamlı sülh gözləmək çətindir. Daha real ehtimal müharibənin idarə olunan səviyyədə saxlanılması və tərəflərin geniş regional partlayışdan yayınmağa çalışmasıdır.

Alim Nəsirov


SON XƏBƏRLƏR

07 May 2026