COP29 çərçivəsində “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, dəyirmi masa COP29 Sədrliyi, İsveç və Dünya Resursları İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişmələri milli sərhədləri aşır, onun yaratdığı problemlər qlobal və kollektiv şəkildə həll olunmalıdır. Bu sahədə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Paris Sazişinin qəbulundan bəri təşəbbüslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə təşəbbüslərin bəyan edilmiş məqsədlərə doğru irəliləyişini, eləcə də gələcəkdə təşəbbüslərin təsirini daha da artırmaq imkanlarını dəyərləndirmək də vacibdir: “Səylərimizdə davamlılığı, səmərəliliyi və uyğunluğu təmin etmək vacibdir. Bu, daha böyük fəaliyyət üçün əhəmiyyətli impuls yaratmaq və bu təşəbbüslərin həyata keçirilməsinə dəstəyi artırmaq üçün vacib olacaq”.
Baş danışıqçı İsveç və Dünya Resursları İnstitutuna tərəfdaşlığa görə minnətdarlıq edib.
COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal və Regional Təşəbbüslər Komandasının həmrəhbəri, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov da dəyirmi masanın mövzusunun əhəmiyyətindən danışıb. Bildirib ki, COP29 Sədrliyinin təşəbbüslərinin hazırlanması prosesində çoxsaylı maraqlı tərəflərlə məsləhətləşmələr aparılıb və bu zaman bir çox COP sədrlikləri tərəfindən təqdim olunan təşəbbüslərin davamlılıq və tamamlayıcılıq baxımından çatışmazlıqlarının olduğu barədə narahatlığa rast gəlinib. Buna görə də COP29 Sədrliyinin təşəbbüsləri çərçivəsində davamlılıq və tamamlayıcılıq komponentlərinin inteqrasiya edilməsi diqqət mərkəzində saxlanılıb.
COP29 Sədrliyinin təşəbbüslərindən bəhs edilərkən diqqətə çatdırılıb ki, noyabrın 14-də Bakı İqlim Maliyyəsi, İnvestisiya və Ticarət Dialoqu (BICFIT) təşəbbüsünə start verilib: “Bu təşəbbüs vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda COP sədrliklərinin koalisiyasını yaratmaq istəyirik”.
Qeyd edilib ki, COP22-dən etibarən iqlim və inkişaf mövzusu digər COP-larda davam etdirilir və bu prosesin davamı olaraq Bakıda ilk dəfə maliyyə, investisiya və ticarət günü təşkil edilib: “BICFIT dialoqu vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda tamamlayıcılığı və davamlılığı təmin etmək istəyirik”.
Elmar Məmmədov COP29 Sədrliyinin digər təşəbbüsləri barədə də tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, sədrlik iqlim və sağlamlıq, urbanizasiya, kənd təsərrüfatı, su və iqlim mövzularında təşəbbüslər hazırlayıb və qeyd edilən bütün bu təşəbbüslərdə məqsəd birbaşa olaraq davamlılıq və tamamlayıcılıq məsələlərinin həllinə yönəlib.
Dünya Resursları İnstitutunun direktoru Ani Dasquptanın moderatorluğu ilə keçən dəyirmi masada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ətraf mühit, iqlim dəyişikliyi və səhiyyə departamentinin direktoru Maria Neira, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) məskunlaşma üzrə rəsmisi Lea Ranalder, Təmiz Hava və İqlim Koalisiyası katibliyinin rəhbəri Martina Otto, İsveçin iqlim üzrə səfiri Mattias Frumerie, Braziliya Xarici İşlər Nazirliyində İqlim Fəaliyyət bölməsinin rəhbəri Mario Mottin, Beynəlxalq İqlim Siyasətləri Habının direktoru Kat Abreu çıxış ediblər.
Dəyirmi masada müxtəlif qlobal iqlim təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səmərəliliyi və tutarlılığını necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparılıb.
Natiqlər iqlim dəyişmələri kontekstində müxtəlif sahələr üzrə, xüsusilə də sağlamlıq, urbanizasiya və ətraf mühitin qorunması təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səməliliyi və tutarlılığının necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparıblar. Müxtəlif illərdə qəbul edilmiş təşəbbüslərin tamamlayıcılığı və davamlılığını təmin etmək məqsədilə COP29 Sədrliyinin səyləri və yanaşması təqdir olunub.