Ağ Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə qatılacağını rəsmən açıqlayıb.
Bu barədə Bakıvaxtı.az-a partiya sədrinin müavini və Seçki Qərargahının rəhbəri Kamran Məmmədli məlumat verib.
Onun sözlərinə görə, partiya üzvləri bələdiyyə seçkilərində iştirakın vacibliyini dəstəkləyir və hazırlıq işləri artıq başlayıb.
Bununla bağlı yerli təşkilatlara müvafiq təlimatlar verilib.
Yaxın günlərdə partiyanın bələdiyyə üzvlüyünə namizədləri müəyyənləşdiriləcək. Namizədlərin sənədləri hazırlandıqdan sonra müvafiq seçki dairələrinə təqdim olunacaq.
Kamran Məmmədli vurğulayıb ki, Ağ Partiya olaraq onlar hər seçkidə iştirakın tərəfdarıdır və seçkilərin boykot edilməsini effektiv vasitə hesab etmirlər.
Onun sözlərinə görə, seçkilərdə fəal iştirak vətəndaşların yerli idarəetmə prosesində daha geniş təmsil olunmasına şərait yarada bilər .
"Seçkilər, vətəndaşların yerli problemlərin həllində söz sahibi olması və idarəetmə proseslərinə birbaşa təsir göstərməsi üçün mühüm platformadır”, - deyə Məmmədli əlavə edib.
Qeyd edək ki, 2025-ci il bələdiyyə seçkiləri 118 seçki dairəsini və 685 bələdiyyəni əhatə edəcək.
Murad Məmmədli