Diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatı müəyyənləşib, diplomatik nümayəndəlikdə maliyyə məsələləri üzrə attaşe olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarına, səlahiyyət dairəsinə və tutulması üsullarına, habelə müvafiq diplomatik xidmət orqanının struktur quruluşuna və ştat cədvəlinə uyğun olaraq müəyyən edilir.
Diplomatik xidmət orqanlarında aşağıdakı diplomatik vəzifələr mövcuddur:
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda):
-orqanın (qurumun) rəhbəri;
-orqanın (qurumun) rəhbərinin müavini;
-xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi;
-idarə rəisinin müavini;
-müşavir;
-şöbə müdiri;
-birinci katib;
-ikinci katib;
-üçüncü katib;
-attaşe;
Diplomatik nümayəndəlikdə:
-fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə;
-səfirin müavini, daimi nümayəndənin müavini;
-müşavir-elçi;
-müşavir;
-birinci katib;
-ikinci katib;
-üçüncü katib;
-attaşe, maliyyə məsələləri üzrə attaşe;
Konsulluqda:
-baş konsul;
-konsul;
-vitse-konsul;
-konsul agenti, maliyyə məsələləri üzrə attaşe.
Azərbaycan Respublikasının fəxri konsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilir və diplomatik xidmətdə hesab olunmur. Fəxri konsul Azərbaycan Respublikasının, qəbul edən dövlətin və ya üçüncü dövlətin vətəndaşı ola bilər. Fəxri konsulun hüquqi vəziyyəti və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir:
-Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi;
-səfir müavini, daimi nümayəndənin müavini, baş konsul;
-müşavir-elçi;
müşavir;
-konsul;
-birinci katib;
-vitse-konsul;
-ikinci katib;
-üçüncü katib;
-attaşe.
Layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Mina Mikayılova